«Joğovurt» qəzetinin 30 sentyabr tarixli sayında «Fransa sərhəddə müşahidəçilər yerləşdirməyin tərəfdarıdır» başlıqlı yazıda göstərilir ki, Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Ann Lyuyo sentyabrın 29-da Göyçə mahalına səfər edib və buradakı vəziyyətlə maraqlanıb. O, qəzetin müxbirinin sualını cavablandırarkən bildirib ki, Ermənistan-Azərbaycan sərhəddində, ümumiyyətlə, Cənubi Qafqazda gərginliyin azaldılması üçün Fransa və ABŞ fəal iş aparır. «Xüsusilə biz fransalılar bu işə biganə deyilik. Biz kimin təcavüzkar olduğunu yaxşı bilirik və bunu dəfələrlə açıq şəkildə bəyan etmişik», - deyə Azərbaycanı təcavüzkar adlandıran bu qadın ermənilərə olan sevgisini bir daha büruzə verir. O, təkcə öz ölkəsinin deyil, başqalarının da erməniləri dəstəkləməsini arzuladığını, Fransa müşahidəçilərinin Ermənistana gələrək Azərbaycanla sərhəddə uzun müddət müşahidəçi olmaları üçün işlər getdiyini, bu işə başqa ölkələrində dəvət edildiyini bildirib.
Artıq tarixin arxivinə atılmış Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın səfirinin indi də sərgilədiyi mövqeyin birtərəfli və ədalətsiz olduğunu isə hamı görür.
Nəsib QARAMANLI