Bu fikirləri açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.
Ə.Bədəlov yaxın günlərdə açılış mərasimi keçirilən Laçın Beynəlxalq Hava Limanının həm siyasi, həm də strateji əhəmiyyətindən söhbət açaraq deyib ki, bu Hava Limanının ilk ali qonağının Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin olması xüsusi önəm daşıyır. Əvvəlla, ona görə ki, bu, qardaş ölkənin Baş nazirinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk səfəri idi. Bununla yanaşı, səfər Azərbaycan - Pakistan münasibətləri baxımından mühüm əhəmiyyət kəsb edirdi. Hər iki ölkənin liderləri mətbuata verdikləri bəyanatlarda da Azərbaycanla Pakistanın bir-birini bütün məsələlərdə həm ikitərəfli, həm də çoxtərəfli məsələlərdə dəstəklədiklərini bəyan etdilər. Bu bəyanat faktiki olaraq bütün dünyaya verilmiş mesaj kimi qəbul olunmalıdır. Həmin gün dünyanın diqqəti Laçına yönəlmişdi. Çünki işğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda üç qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən ikinci Zirvə görüşü dünyada rezonans doğurdu.
Siyasi şərhçi bildirib ki, Laçın şəhəri həm Ermənistan sərhədinə, həm də işğaldan azad edilmiş bir çox ərazilərə yaxındır. Eyni zamanda, dağlıq relyefdə yerləşən hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına, Qarabağda və Şərqi Zəngəzurda istehsal edilən məhsulların yerli və xarici bazarlara çıxışına öz töhfəsini vermək baxımından da xüsusi əhəmiyyətə malikdir. Mühüm məsələlərdən biri də regiona gələn ali qonaqlar işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə görülən bərpa- quruculuq işləri ilə yanaşı, ermənilərin vandallığının da şahidi olurlar. Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edən ali qonaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu hava limanının açılışı ilə bağlı sosial şəbəkədə paylaşımı da böyük maraqla qarşılanıb. Dövlət başçısı yazıb: “Qardaşım İlham Əliyevlə birlikdə bu gün açılışını etdiyimiz, Türkiyə – Azərbaycan dostluğunun, qardaşlığının nişanələrindən biri olan Laçın Hava Limanımız Can Azərbaycana və bölgəmizə xeyirli, uğurlu olsun”.
Ə.Bədəlov Laçın Beynəlxalq Hava Limanının açılış mərasiminin uzun müddət yaddaşlarda qalacağını vurğulayaraq deyib ki, həmin gün Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə ikinci üçtərəfli Zirvə görüşünün məhz Laçında keçirilməsi “Qarabağ Azərbaycandır!” reallığının növbəti nümunəsi oldu. Pakistanın Baş nazir Şahbaz Şərifin “Gözəl Laçında dalğalanan Azərbaycan, Türkiyə və Pakistan bayraqlarını görmək qəlblərimizi hədsiz sevinc və fəxarət hissi ilə doldurur” deməsi bu reallığın artıq dünyada qəbul edilməsindən xəbər verir. Baş nazir daha sonra deyib: “Bu gün isə biz füsunkar Laçında üçtərəfli tərəfdaşlığımızı xalqlarımızın istəyinə uyğun olaraq, yeni səviyyəyə qaldırmaq arzusundayıq. Həmin arzu heç kəsi təəccübləndirməməlidir. Çünki Azərbaycan, Türkiyə və Pakistan əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlıdır”.
“Artıq Laçın Beynəlxalq Hava Limanı da dünyaya açıqdır. Bu, həmçinin, milli təhlükəsizliyə dəstək, Azərbaycanın bu strateji bölgəsində hərbi potensialın gücləndirilməsi, bölgədə aparılan yenidənqurma, bərpa və quruculuq işlərinə təkan verəcək” – deyə Ə.Bədəlov bildirib. (AZƏRTAC)