Bu fikirləri açıqlamasında Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva səsləndirib.
Postmüharibə dövründə sülhyaratma prosesindən də danışan Prezident İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının təşəbbüskarının Azərbaycan olduğunu xatırlatdı və bildirdi ki, sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn Ermənistan tərəfindən qəbul edilib.
Mətbuata bəyanatında energetika sahəsində uğurlu əməkdaşlığa da toxunan Prezident İlham Əliyev, ikitərəfli gündəliyimizin kifayət qədər geniş olduğunu söylədi. Hazırda Macarıstan şirkətlərinin Azərbaycanın əsas iki neft və qaz layihəsində - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibi olmalarının əhəmiyyətinə toxundu. Gələn ilin əvvəlində növbəti kontraktın imzalanacağını bildirən dövlətimizin başçısı Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkətinin fəaliyyətə başlayacağını, ötən ildən etibarən Macarıstana təbii qazın ixracına başlanıldığını vurğuladı.
Eyni zamanda, Macarıstanın təşəbbüsü ilə keçirilən ikinci qeyri-rəsmi Zirvə görüşü haqqında danışan Prezident Türk Dövlətləri Təşkilatının qeyri-rəsm birinci Zirvə görüşünün ötən il Azərbaycanın təşəbbüsü ilə Şuşa şəhərində keçirildiyini və estafetin indi Macarıstanda olduğunu, elə bu faktın da özlüyündə rəsmi Budapeştin öz tarixi köklərinə çox bağlı olmasının bir nümunəsinə çevrildiyini ifadə etdi.
Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, Prezident İlham Əliyevin Macarıstana səfəri həm ikitərəfli münasibətlərin, həm də dəyişən dünya şərtləri altında Azərbaycanın sadiq qaldığı siyasi xəttin və irəli sürdüyü iradənin bir daha bütün dünyaya çatdırıldığı müstəviyə çevrildi. (AZƏRTAC)