Bu fikirləri açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.
Ə.Bədəlov deyib ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Albaniya Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı dünya mediasının gündəmindədir.
Siyasi şərhçi həmin tədbirdə dövlət başçımızın mühüm əhəmiyyətli görüşlər keçirdiyini diqqətə çatdıraraq deyib ki, Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğu bir daha diqqətə çatdırıldı. Zirvədə iştirak edən ölkələrin liderlərinin Prezident İlham Əliyevlə görüşmək üçün növbəyə dayanması, Azərbaycanın nəinki Avropada, hətta dünya birliyində söz sahibinə çevrildiyindən xəbər verir. Həmin görüşlərdə ölkəmizin, xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirilib. Ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyətli olduğunu təsdiqləyən faktlardan biri də Azərbaycanın Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında xüsusi rol oynamasıdır.
Siyasi şərhçi bildirib ki, zirvə toplantısı çərçivəsində diqqət çəkən məqamlardan biri də daim Azərbaycan əleyhinə danışan, ölkəmizə qarşı təhdidlər və qərəzli fikirlər səsləndirən Fransa Prezidenti Emmanuel Makronun dövlətimizin başçısı İlham Əliyevlə səmimi görüşməsi oldu: “Əslində, dünya ictimaiyyəti Fransa prezidentinin riyakar siyasətinin bir daha şahidi oldu. Bununla yanaşı, Tiranada keçirilən Zirvə Toplantısı növbəti dəfə bəzi Qərb liderlərinin ikiüzlü siyasətinin ifşası ilə də yadda qaldı. Öz ölkəsində, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan, o cümlədən ermənipərəst diplomatlarla keçirdiyi görüşlərdə Azərbaycanın əleyhinə şər-böhtanlar deyən, təzyiq göstərməyə çalışan və bu yolla ölkəmizin beynəlxalq aləmdə sürətlə artan reytinqinə xələl gətirmək istəyən Makron, Prezident İlham Əliyevi görən kimi mövqeyini dəyişdi. Fransa Prezidenti dövlətimizin başçısının qarşısında birdən-birə “sakit”, “təmkinli” görünməyə çalışdı. Ancaq onun rola girməsi, ikiüzlü siyasəti heç nəyi dəyişmədi. Çünki artıq dünya ictimaiyyəti Makronun riyakarlığına və ermənipərəst mövqeyinə çoxdan bələddir. O da bəllidir ki, Fransa prezidenti erməni lobbisinin əlində oyuncağa çevrilib. O, öz ölkəsində mövqeyini və vəzifəsini qorumaq üçün cildən-cildə girir, siyasi riyakarlıqdan əl çəkmir. Bu da dövlət başçısına xas olmayan xüsusiyyətdir. Görünür, Makron gec də olsa, “Qarabağ Azərbaycandır!” reallığını dərk etməyə başlayıb”.
“Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı bir daha sübut etdi ki, Azərbaycan Avropa İttifaqının layiqli, etibarlı və strateji əhəmiyyət daşıyan tərəfdaşlarından biridir. Azərbaycan və Avropa İttifaqı artıq yeni siyasi mərhələdədir. Dövlət başçımızın düşünülmüş diplomatik fəaliyyəti Azərbaycanı yalnız regionda deyil, bütün dünyada nüfuzlu və aparıcı ölkələrdən birinə çevirir” – deyə Ə.Bədəlov bildirib. (AZƏRTAC)