16.05.2025, 04:46
AZ EN
06.01.2025, 17:48 223

Tehranın təxribatı cavabsız qalmadı

YAZILAR
  • “Azərbaycanla Ermənistan arasında danışıqlar bu il də davam edəcək. Əsas məsələ konstitusiya ilə bağlıdır. Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası var. O, ortadan qaldırılmalıdır. Ortadan qaldırılarsa, elə bir maneə qalmır. Sülh sazişini imzalamaq olar. Bundan daha çox Ermənistan udacaq. Dövlət başçısı İlham Əliyev də dəfələrlə bu fikirləri vurğulayıb ki, Qafqaz evi qurulmalıdır. Sülh sazişi imzalansın, Qafqaz evi  qurulsun. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibtləri normallaşdırsın və silahlanmaya ehtiyac olmasın. Əsas qayə bundan ibarətdir. Buna çalışmaq lazımdır”.

Bunu politoloq Elxan Şahinoğlu açıqlamasında deyib.     

O, bildirib ki, amma birinci addımı, əlbəttə ki,  Ermənistan atmalıdır. Düzdür, indi Ermənistanın baş naziri hər yerdə deyir ki,  sülh sazişinin mətni 80-90 faizi hazırdır. Bəli, Azərbaycan rəsmiləri də bunu təsdiq edirlər.  Amma bütün kök 10 faizdədir, o addım atılmalıdır. Azərbaycan bütün addımları atıb. Növbəti addımı Ermənistan atmalıdır.

Politoloq onu da vurğulayıb ki, ilin sonlarına yaxın bir faciə də baş verdi. Azərbaycan təyyarəsi Rusiya səmasında vuruldu.  Dövlət başçısı müsahibəsində açıq dedi: “Üzrxahlıq edilib”. Rusiya dövlət başçısı Azərbaycan Prezidentinə zəng edib. Amma daha iki addım da atılmalıdır. Həlak olanların və yaralananların ailələrinə kompensasiya ödənilməlidir. Üstəgəl, bu cinayəti törədənlər müəyyənləşməli və cəzalandırlmalıdır. Hələ ki, Kremldən bir cavab  yoxdur və bu məsələni aydınlaşdırmaqda həvəsli görünmürlər. Lakin anlamalıdırlar ki, Azərbaycanın bu iki haqlı tələbini yerinə yetirməsələr, Rusiya ilə də  münasibətlərdə suallar yarana bilər. İndi Rusiyada hakimiyyətə yaxın blogerlər İrandakı qruplarda  olduğu kimi Azərbaycan əleyhinə, dövlət başçısının əleyhinə təbliğata başlayıblar.  Anlamırlar ki, bu, münasibətlərə mənfi təsir edə bilər”. 

Politoloq daha sonra İranda Azərbaycanın əleyhinə təşkil olunan tədbirə də münasibət bildirərək deyib ki,  qədim Azərbaycan şəhəri Ərdəbildə belə bir tədbir keçiriblər:  İranın ali dini liderinin  Ərdəbildəki nümayəndəsi Amulin deyib ki, Şah İsmayılın nəvələrinin bayrağı Bakıya sancılmalıdır. İfadəyə baxın. İran öz məntiqinə görə bununla bizi hədələdiyini düşünür. Bakıya bayraq çoxdan sancılıb. Müstəqil Azərbaycanın bayrağı 30 ildən çoxdur ki, Bakıda və digər şəhərlərimizdə dalğalanır və biz bununla fəxr edirik. Əgər Şah İsmayılın bayrağı hardasa sancılmalıdırsa, o Təbriz, Ərdəbildə sancılacaq və biz bu günü  görəcəyik. Bunu elə sizlərin anti-Azərbaycan açıqlamalarınız  sürətləndirəcək.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər