"2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı". Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov özünün "Facebook" şəxsi hesabında səsləndirib.
Deputat bildirib ki, cənab Prezident bununla bağlı bir neçə dəfə Ermənistana xəbərdarlıq eləmişdi: "Söhbət ondan gedir ki, 2020-ci ildəki qələbədən sonrakı dövrdə də biz ermənilərin bu yolla silah daşıdığının şahidi idik. Dəfələrlə bizim ərazimizdə mina daşınaraq basdırıldığını, çoxsaylı insanların minaya düşməsini yaxşı xatırlayırıq. Həmin müddətdə ümumilikdə 300 nəfərə yaxın şəxs minaya düşüb. Bu da kiçik rəqəm deyil. Həmin minalar 2020-ci ildən sonra istehsal olunan minalardır.
Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ölkəmizin suveren və legitim hüququdur. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Laçın sərhəd-buraxılış məntəqəsinin açılışı Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir.
Laçın sərhəd-buraxılış məntəqəsinin açılışı bilavasitə İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilir. Tarixi sərhədimizdə Azərbaycan bayrağının ucaldılması və həmin ərazidə rəsmi dövlət qurumlarımızın nümayəndəliklərinin mövcudluğu hər bir azərbaycanlının qürur mənbəyidir.
Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Rəsmi İrəvanın riyakarlığı və məkrli xisləti burada da özünü açıq aydın göstərir. "Humanitar” bəhanələrlə edilən manipulyasiyalar vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır.
Bu mənətəqənin qurulmasında əsas məqsəd isə hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Buraxılış məntəqəsi qurulandan indiyə qədər erməni sakinlərinin rahat şəkildə Laçın yolu ilə Xankəndi istiqamətinə və əksinə keçidi təmin olunub",- deyə millət vəkili vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ