Erməni politoloqlar görüşdə Ermənistanın marağına uyğun olmayan bir sıra nüanslar olduğunu bildirirlər. İran prezidenti Rəisinin Zəngəzurla bağlı fikirləri isə ermənilərin xoşuna gəlib. Onlar bildirirlər ki, Rusiyadan fərqli olaraq İran və Fransa Ermənistanın etibarlı dostları olaraq qalır. Amma politoloq Artur Hovakimyan bildirir ki, ermənilər 3 əsrdən çoxdur. Rusiyanın, Fransanın, İranın dəstəyini alaraq bu və ya digər məsələnin həllinə nail olsalar da qonşu Azərbaycan və Türkiyə ilə daim gərgin münasibət saxlayıb. Bu da ən azı indiki reallıq baxımından xalqa heç bir fayda gətirmir. O, Ermənistan statistika komitəsinin məlumatına istinadən vurğulayır ki, cari ilin ötən 6 ayı ərzində Türkiyədən Ermənistana 70 milyon dollar həcmində türk məhsulları gətirilib və biznesmenlər Türkiyə ilə sərhəddin açılmasının tərəfdarı olduqlarını gizlətmirlər. Politoloq onu da xatırladıb ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Türkiyə mallarına öncə 6 ay, sonra yenə 6 ay embarqo qoymuşdu. Bu zaman ölkədə müəyyən mallarda qiymət artımı baş vermişdi. Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını istəməyən müxalifəti sərt tənqid edən həmin politoloq onu da vurğulayıb ki, müxalifətçilər özləri Türkiyədən gətirilmiş paltarları geyinir, Türkiyəni isə bəyənmirlər. O müxaliflərdən soruşur: «Düşmənin paltarları içərisində özünü necə ermənisevər hiss edərsən?»
Tehranda Ərdoğanla Putinin görüşməsi və söhbət etməsi də erməni mətbuatının əsas mövzusundan biri olmaqla, həm də onların Ərdoğana paxıllıq etdiklərini açıq-aydın göstərir. «Hraparak» qəzeti yazır ki, Putinin Ərdoğanı ayaqüstə 3 dəqiqə gözləməsi açıq-aşkar göstərdi ki, Ərdoğan ondan güclü və nüfuzludur. Ərdoğanı türk dünyasının lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevi Azərbaycanın Birinci Sultanı adlandıran məqalə müəllifi onu da vurğulayır ki, hər iki liderin sayəsində Azərbaycan öz istəklərinə daim nail olacaq. Putin və Rusiya isə Ərdoğanın siyasi manevrləri qarşısında zəif görsənir. İranın Ermənistan vasitəsilə Rusiyaya silah, xüsusilə pilotsuz uçan aparatlar satmasına da əsl erməni xisləti ilə münasibət bildirən «Fakt» qəzeti yazır ki, Türkiyə hazırda Ukraynaya «bayraktar»lar göndərir. 44 günlük müharibədə isə Türkiyə, İsrail və Pakistan Azərbaycana silahla və hərbi təlimatçılarla çox kömək etmişdi. Belə olduğu halda İran niyə öz dostlarına yardım etməsin? Ermənilərin sasani sayağı uydurmaları, şaiyələrlə yaşamaları təkcə beynəlxalq siyasi aləmdə deyil, özlərinin cəmiyyətində də açıq-aşkar görünür. Belə ki, iyulun 19-da polisə zəng olunaraq guya Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın evinə bomba qoyulduğu bildirilib. Polis və xüsusi xidmət orqanlarının əməkdaşları bir neçə saat həmin evə gedən yolu bağlayıb, evdə axtarış aparsalar da heç nə tapa bilməyiblər. İyulun 20-də isə növbəti şaiyə baş verib. Belə ki, hüquq mühafizə orqanlarına metro stansiyalarına bomba qoyulması barədə anonim zənglər daxil olub. Bununla da İrəvan şəhərindəki metro 5 saatdan çox dayandırılıb, bütün stansiyalarda və qatarlarda xüsusi təlim keçmiş itlər də cəlb edilməklə axtarış aparılıb. Yenə heç nə tapılmayıb.
Ermənistan müxalifəti ilə iqtidarın qarşılıqlı ittihamları da yeni məcraya daxil olub. Vətəndaş müqaviləsindən deputat Arsen Torosyan feysbukda dərc olunmuş «Müxalifət öz simasını gizlədir» sərlövhəli yazıda bildirib ki, müxalifətin 2 ay yarımdan çox davam edən etiraz aksiyası get-gedə zəifləyərək, nəhayət, başa çatdı. Müxalifət liderləri isə öz simalarını xilas etmək, evlərinə necə, hansı üzlə gedəcəklərini hələ də bilmirlər. Amma onlar təslim olmurlar. Əslində təslim olmağa da qətiyyət lazımdır. Müxalifət isə qətiyyətsiz və populist adamlar yığınağıdır. «Joğovurt» qəzetində dərc olunmuş «Müxalifətin mitinqi yeni vüsət alacaq» sərlövhəli yazıda isə qeyd olunur ki, iyulun 22-də müxalif deputatların çoxu parlamentə gələcək, iyulun 29-da isə onlar etiraz aksiyası keçirəcəklər. Öz uğursuzluğunu sığortalamağa həmişə nəsə axtaran müxalifət indidən bildirir ki, əgər hava şəraiti imkan verməyəcəksə, mitinq təxirə salınacaqdır.
Məlum olduğu kimi, iyulun 15-də Ermənistan parlamenti uzun müddət iclaslarda və səsvermələrdə iştirak etməyən müxalif deputatların mandatdan məhrum edilməsi barədə qərar çıxarıb və bu, təsdiqlənmək üçün Konstitusiya məhkəməsinə göndərilib. Erməni mətbuatı indi də iddia edir ki, konstitusiya məhkəməsi həmin qərarı təsdiq etməyəcək. Çünki bu Paşinyan və komandasının növbəti siyasi şoularındandır.
Zəngilanın Ağalı kəndində aparılan quruculuq işləri və oraya köç başlaması da ermənilərin, belə demək olarsa, kefinə soğan doğrayıb. 44 günlük müharibədə aldığı zərbədən hələ neçə on illər özünə gələ bilməyəcək ermənilər bu olayla bağlı sözün həqiqi mənasında gülməli fikirlər söyləyirlər. Onların Azərbaycana, Türkiyəyə qarşı qeyri-insani arzu və istəkləri deməyə əsas verir ki, xəstə təxəyyülün müalicəsi yalnız «Dəmir Yumruq»dur.
Nəsib QARAMANLI