Telefon danışığı əsasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiya hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlıq ifadə edib, bu qəzada həlak olanların ailələrinə, və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.
Rusiyanın teleqram kanalları yazırdılar ki, bu sınaqdan Rusiyanın necə çıxacağı Rusiya hakimiyyətində, Rusiyanın dövlət idarəetməsində dəyişikliklərin olub-olmadığının bir göstəriçisi olacaq. Rusiya KİV-ləri indi artıq deyirlər ki, reaksiya nisbətən gec oldu və bu da onunla bağlıdır ki, Rusiya həddindən artıq böyük dövlətdir.
Bu fikrə millət vəkili Rasim Musabəyov belə reaksiya verib: “Ola bilsin ki, bu, Çeçenistan olmasaydı, hansısa bir Stavrapol vilayətində olsaydı, reaksiya daha tez olardı. Burda bir Ramzan Kadırov amili var, Rusiya hakim elitada xüsusi bir mövqe tutur. Hamı susurdu ki, Putin qərar verməlidir. Yəni onu qabaqlayıb kiminsə bir mövqe səsləndirməsi qeyri-mümkün idi. Ancaq sonda, baxmayaraq ki, Kadırov öyrənib özünü ərköyün aparmağa, ona yerini göstərdilər. Rusiya dövlətdirsə, bu, belə də olmalıydı. Düşünürəm ki, hər halda Rusiya rəhbərliyində də anladılar ki, bu məsələdə hansısa bir əyalət rəhbərinin özbaşınalığına göz yummaq Rusiyanı dövlət kimi alçaldacaq”.
Tahirə AĞAMİRZƏ