Bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
Bu il aprelin 5-də Ermənistanla Avropa İttifaqı və ABŞ arasında imzalanan hərbi paktdan sonra işğalçı Ermənistanın Azərbaycanla sülh danışıqlarından kənarlaşdığının müşahidə olunduğunu diqqətə çatdıran Ədalət Verdiyev vurğulayıb: “Bu, Ermənistana heç bir müsbət fayda gətirməyəcək. Tam əksinə, hər hansı kiçik qığılcım münaqişənin yenidən alovlanmasına və Ermənistanın növbəti kapitulyasiya aktını imzalamasına gətirib çıxara bilər. Ermənistanı silahlandıran ölkələr unutmamalıdırlar ki, Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın ən güclü orduları sırasında 29-cu pillədə qərarlaşıb. Ermənistan bəzi Qərb ölkələri tərəfindən silahlandırılmasına baxmayaraq, artıq bəzi reytinqlərdə, ümumiyyətlə, nəzərə alınmır. Otuz il müddətində müxtəlif ölkələr tərəfindən silahlanmaya üstünlük verən işğalçı Ermənistan hazırda XXI əsrin fərari ordusuna malikdir. Belə ordunun istənilən silahla təchiz edilməsi heç bir halda mövcud reallıqları dəyişməyəcək”.
Hərbi ekspert qeyd edib ki, Azərbaycan yalnız öz Ordusu hesabına döyüş meydanında Qələbə qazanıb. Bu gün bir neçə dəfə kapitulyasiya aktı imzalayan Ermənistan ordusunun istənilən silahlarla təchiz edilməsi regiondakı güc balansına qəti təsir etməyəcək. Çünki istənilən silahı istifadə edəcək heyətin döyüş bacarıqları çox vacib amildir. Bu da Ermənistanda yaxın onilliklərdə mümkün olmayacaq. Fərari heyətə malik komandirlərin rəhbərlik etdiyi orduda istənilən silah yalnız metal yığnağının mənasını daşıyır.
“Silahı istifadə edən şəxsi heyətin peşəkarlığı və Vətən sevgisi çox vacibdir. Bu məsələlər isə mənəvi, psixoloji cəhətdən sarsıntı keçirən Ermənistan ordusunda sıfır vəziyyətindədir. İşğalçı kimi 30 illik tarixə malik ölkəni silahlandıran Hindistanın BMT Təhlükəsizlik Şurasına üzv olması isə tamamilə qəbuledilməzdir. Adətən militarist siyasət yürüdən ölkələrin silahsızlaşdırılması həyata keçirilməli olduğu halda, Fransa, ABŞ və Hindistanın Ermənistanı silahlandırmaq cəhdləri bu ölkə üçün çox təhlükəli gələcək vəd edir. Ermənistanın Azərbaycana qarşı silahlandırma proseslərini idarə edən və rəhbərliyini həyata keçirən Bayden administrasiyası idi. Ermənistanı fəlakətə sürükləyən dövlətlər anlamalıdırlar ki, Azərbaycanı hədəfə çevirmək qəbuledilməzdir, onunla diktə dili ilə danışmaq isə ümumiyyətlə, mümkün deyil. Azərbaycan belə davranışları heç vaxt cavabsız qoymayacaq. Təzyiq yolu ilə Azərbaycan bir addım da olsun geri çəkilməyəcək. Azərbaycan Ordusu hazırda yalnız Qafqazın deyil, bütün regionun qalib ölkəsi olaraq Ermənistanın təxribatçı fəaliyyətlərinə cavab verməyə hazırdır. Sonda bu fəaliyyətlər Ermənistana çox baha başa gələcək”, - deyə Ədalət Verdiyev bildirib.
Ekspertin sözlərinə görə, indiyədək olduğu kimi Ermənistanın silahlanması mövcud reallıqlara təsir edə biləcək amil deyil. Əksinə, bu silahlanma Ermənistana yalnız ağrılı, kədərli günlər gətirəcək və ölkə daha böyük sarsıntılara məruz qalacaq. Ermənistanın özünü “Sülh göyərçini” kimi təqdim etməsi, digər tərəfdən isə Azərbaycana qarşı silahlanması regionda sabitliyi və təhlükəsizliyi poza bilər. Azərbaycan isə bu fəaliyyətlərə qarşı heç vaxt səssiz qalmayacaq. (AZƏRTAC)