Bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, indiyədək Prezident İlham Əliyev azad olunmuş Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib və ya tikintisi ilə tanış olub. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. İşğaldan azad edilmiş Cəbrayılda proqrama uyğun olaraq indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Artıq Cəbrayıl şəhəri də ilk sakinlərini qoynuna alıb, insanlar öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıblar. Köç karvanları bir-birini əvəz edir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan adamların səsi ata-baba ocağından gəlir.
Deputatın sözlərinə görə, 4 Oktyabr - Cəbrayıl Şəhər Günü böyük coşqu ilə qeyd edilib. Məhz bayram günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunmuş yaşayış kompleksinin açılışında iştirak ediblər və yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarları təqdim olunub. Sakinlərlə görüş zamanı çıxış edən Prezident İlham Əliyev Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Cəbrayıl şəhərinin önəmindən bəhs edib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində ilk azad olunan şəhər məhz Cəbrayıl olub. 27 illik həsrətdən sonra 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb. Azərbaycanın işğal altında olan torpaqlarının Vətən müharibəsi nəticəsində erməni terrorçularından təmizlənməsi Ordumuzun şücaətinin nəticəsidir. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, minlərlə əsgər və zabitimiz ölkə Prezidentinin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Fatma Yıldırım qeyd edib ki, Prezident İlham Əliyev çıxışında Cənubi Qafqaz regionunda vəziyyətdən və bəzi beynəlxalq dairələrin Azərbaycana qarşı qərəzli mövqeyindən bəhs edib. Dövlətimizin başçısı Ermənistana təhlükəli oyunlarını dayandırmaq barədə xəbərdarlıq edib. Çünki onlar bir tərəfdən sülhdən danışırlar, digər tərəfdən isə sürətlə silahlandırılır. Silahı verən isə əsasən Fransa başda olmaqla Qərb ölkələridir. Nəzərə almaq lazımdır ki, dünyada vəziyyət dəyişir. Azərbaycanın hadisələrə münasibəti adekvat olacaq.
“Cəbrayılda bərpa-quruculuq işləri çərçivəsində müxtəlif müəssisələrin tikintisi həm ümumi iqtisadi inkişafımıza töhfə verəcək, həm də əhalinin məşğulluğunu təmin edəcək. Məsələn, “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb. Eləcə də, Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi bu baxımdan vacibdir. Bu rayonun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Yol-nəqliyyat infrastrukturu da ciddi şəkildə qurulur. Belə ki, Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Bu rayona gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Bütövlükdə, azad olunmuş ərazilərimizdə görülən möhtəşəm işlər hər birimizi qürurlandırır. Tezliklə bu ərazilər bütünlüklə yenidən, ən müasir səviyyədə qurulacaq və insanlar doğma yurdlarında firavan yaşayacaqlar”, - deyə deputat vurğulayıb. (AZƏRTAC)