“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı ehtimallar gücləndikcə Ermənistanın siyasi rəhbərliyi bir sıra manevrlər etməyə maraq göstərir”.
Bu sözləri siyasi şərhçi İlyas Hüseynov “ARB24”-ə açıqlamasında deyib. O, qeyd edib ki, bu xüsusda əvvəlki dövrlərdə də bildirildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə getməyə hazırlaşır: “Ən azından Ermənistanda ictimai-siyasi vəziyyət və seçki hazırlığı da bunu deməyə əsas verir”.
Seçkiyə hazırlaşan tək Paşinyan deyil, keşmiş qondarma rejimin separatçılrından Samvel Babayan da seçki öncəsi hazırlıqlara başlayıb. O, artıq digər separatçılarla görüşlər keçirir. Samvel keçmiş qondarma rejimin parlament üzvləri ilə görüşdə seçkiyə ciddi şəkildə hazırlaşdığını, lakin vahid cəbhə halında iştiraka üstünlük verdiyini deyib. Digərləri bu təklifə müsbət yanaşmayıblar. Risk və təhlükələrin olduğunu bildiriblər. Lakin Babayan geri çəkilməyib və yeni bir qurum yaratmağı təklif edib. Bu qurum vasitəsilə Qarabağ ermənilərinin problemlərinin aradan qaldırılması üçün hökumətlə əməkdaşlıq ediləcəyini deyib. Onun bu təklifi Ermənistana Qarabağdan köçənlərə liderlik etmək cəhdi kimi qiymətləndirilib.
“Keçmiş separatçılardır. Hansı ki, Xankəndidən İrəvana qaçmış şəxslərdir. Baxmayaraq ki, Ermənistan vətəndaşı deyillər, Ermənisstanda onların seçki hüququ yoxdur, onlar seçkilərdə iştirak edə bilməzlər. Amma yenə də siyasi proseslərə təsir etməyə və siyasi proseslərə qoşulmağa can atırlar və buna görə də müxtəlif seçki quruplarının artıq yaradılmasına başlayıblar. Məsələn, burda Babayan daha çox önə çıxır fiqur olaraq. Babayan çox böyük siyasi iddiaları olan bir fiqurdur. Hələ Xankəndində olduqda separatçıların daxilində də Babayan kifayət qədər özünün siyasi iddiaları olan bir şəxs olaraq tez-tez gündəmə gəlirdi”. Bu sözləri isə siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Seçkiyə hazırlaşanlardan biri də vətən uğrunda Tavuş hərəkatının lideri Baqrat Qalstanyandır. O, Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi razılaşdırıldıqdan sonra mitinqlərə başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüşə başçılıq edən erməni kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırıb.
Siyasi şərhçilərin fikrincə, əgər Paşinyan növbədənkənar seçkiyə getsə belə mübarizə onun üçün o qədər də asan olmayacaq.
Tahirə AĞAMİRZƏ