22.11.2024, 12:13
AZ EN
25.04.2024, 16:26 202

E.Makron Bakı ilə İrəvan arasında vasitəçilik imkanlarını itirib

YAZILAR
  • "Fransanın anti-Azərbaycan siyasəti bu ölkəni Avropanın digər iddialı ölkəsi olan Almaniyanın gerisinə sürükləyib. Berlin fürsətdən məharətlə istifadə edib. Fransa prezidenti Emmanuel Makron qatı ermənipərəst və anti-Azərbaycan siyasəti ilə Bakı ilə İrəvan arasında vasitəçilik imkanlarını itirib. Almaniyanın kansleri Olaf Şolts yaranan bu vəziyyəti doğru qiymətləndirərək Bakı ilə İrəvan arasında vasitəçilik təşəbbüslərini gücləndirib".

Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Almaniya kansleri fevral ayında Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçlü görüş təşkil etdi:  "Bundan bir müddət sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Berlində müzakirələri davam etdirdilər. Azərbaycanla Ermənistan arasındakı son razılaşmalar vasitəçi olmadan əldə edilib. Buna baxmayaraq, İrəvan və Bakı Berlinin vasitəçiliyindən imtina etmirlər. Bu baxımdan Azərbaycan Prezidentinin aprelin 26-da Almaniyaya səfəri bu siyasətin tərkib hissəsidir".

Politoloq daha sonra əlavə edib ki, İlham Əliyev səfər öncəsi Almaniyanın siyasəti barədə müsbət fikirlər söyləyib: "İlham Əliyev vurğulayıb ki, Azərbaycanın Almaniya ilə sərmayə qoyuluşu və dövlət strukturları ilə müqavilələrin bağlanılmasına dair planları var. Vaxt var idi, bu kimi müzakirələr Fransanın rəhbərliyi və işgüzar dairələri ilə aparılırdı. Makron yaxın keçmişdəki əlaqələrin üstündən xətt çəkdi. İtirən Fransa oldu. Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi özünü onda göstərdi ki, Berlin Azərbaycanla Ermənistan arasındakı sərhəd razılaşmasını təqdir etdi, Parisdən isə səs çıxmadı",- deyə E.Şahinoğlu vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər