22.11.2024, 09:16
AZ EN
16.03.2022, 14:30 491

Xəstə təxəyyüldən hələ qurtula bilmirlər

YAZILAR

Ermənistan 44 günlük müharibədə aldığı sarsıdıcı zərbədən sonra ölkədəki siyasi qüvvələr müxtəlif gedlişlər etməyə cəhd göstərirlər. Son iki gündə onlar yeni “variantlar” üzərində işləyirlər. Parlamentin “Hayastan” və “Badiv unem” fraksiyaları martın 16-da “Arsaxda yaranmış humanitar vəziyyət, təhlükələr və görüləcək işlər barədə” adlandırdıqları “layihə” hazırlayıblar. Onlar parlamentin martın 22-də keçiriləcək növbəti iclasında bu məsələnin müzakirəyə çıxarılmasını, müzakirədə xarici işlər nazirinin və baş nazirin müavininin iştirakının təmin olunmasını tələb edirlər.

Həmin gün bu qeyri-qanuni “sənəd”in müzakirə olunub-olunmayacağı isə, parlamentin sözçüsünün dediyi kimi, sual altındadır. Tərkibi əsasən qarabağlı ermənilərdən ibarət olan bu fraksiyalar iqtidarın yürütdüyü siyasətlə, xüsusilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, sərhədlərin müəyyənləşdirilib təsdiqlənməsi sahəsində görülən işlərlə bağlı barışmazlıq göstərirlər. “Badiv unem” fraksiyasının rəhbəri, “Vətən” partiyasının sədri Artur Vanetsyanın Xankəndində keçirdiyi görüşlərdə ənənəvi separatçı şüarların irəli sürməsi ermənilərin yenə də yola gəlmək fikrində olmadıqlarını göstərir.

44 günlük müharibə zamanı Ermənistanın təhlükəsizlik xidmətinə rəhbərlik etmiş A.Vanetsyanın müharibədən sonra vəzifəsindən biabırcasına qovulması isə erməni analitiklərinin bu dəfə də diqqətindən yayınmayıb. Onlar bildirirlər ki, Artur Vanetsyan erməniləri deyil, özünün deputat ambisiyasını müdafiə edir.

“Joğovurt” qəzetinin 15 mart tarixli sayında Xankəndidə və digər yaşayış məntəqələrində ermənilərin qazsız qalmasına dair dərc olunan məqalədə göstərilir ki, belə davam edərsə, orada bir nəfərdə olsun sakin qalmayacaq, iqtisadi vəziyyəti çətin olan Ermənistan isə yeni problemlərlə üzləşəcək.

Ermənilər Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiklərini bu və ya digər yazılı və elektron informasiya vasitələrində də sübuta yetirirlər. Martın 16-da Ermənistan saytlarının çoxunda belə bir araqızışdırıcı xəbər yayılıb: “Ukraynalı aparıcı rusların soyqırımını həyata keçirməyə çağırıb”. Yazıda qeyd olunur ki, Faxrudin Şarafmal adlı ukraynalı teleaparıcı “Kanal 24” TV-də ukraynalıları və onların dostlarını rusları qırmağa, onların soyqırımına məruz qomağa çağırıb. Həmin şəxsin ukraynalı müsəlman olduğunu vurğulayan ermənilər hələ də dinc ruslarla Rusiya silahlı qüvvələrinin fərqinə varmadıqlarını göstərirlər. Halbuki sözügedən verilişdə aparıcı dinc ruslara deyil, silahlı rus hərbçilərinə qarşı mübarizə aparmağı məsələhət görür və bu da hər bir meyar baxımından düzgündür. Ermənilərin hər şeyi, el təbirincə desək, öz arşınları ilə ölçmələri isə yenilik deyil. Görünür, ona görə də son günlər separatçılar hər bir məsələyə özlərinin ənənəvi xəstə təxəyyülləri ilə münasibət bildirirlər.

Nəsib QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR