22.11.2024, 20:03
AZ EN
14.01.2022, 17:15 181

Yeni dünya düzəninin təşəbbüskar ölkəsi

YAZILAR

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox məsələlərə aydınlıq gətirməklə yanaşı, işğalçı ölkəyə açıq mesajlar verdi. Müsahibə zamanı dövlətimizin başçısı bütün sahələr üzrə reallıqları geniş və əhatəli, əsaslandırılmış izah eləməklə yanaşı Azərbaycanın istənilən vəziyyətlərdə baş verən hadisələrə hazır olduğunu bəyan etdi. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Eyni zamanda, dövlətimizin başçısı onu da qeyd edib ki, Azərbaycan dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcək. Müsahibədə əsas diqqət yetirməli olan məsələ Azərbaycanın yeni dünya düzənində təşəbbüskar ölkə olacağı ilə bağlı səsləndirilən fikirlərdir. Günümüzün reallığı və atılan addımlar onu deməyə əsas verir ki, hazırda dünya düzənində siyasi, sosial, iqtisadi və digər müstəvidə ciddi oyunlar gedir. Bu oyunların qurbanı isə sivil vətəndaşlar olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.

O qeyd edib ki, Prezident İlham Əliyev hər zaman müsahibələrində və çıxışlarında daim Azərbaycan xalqının yanında olduğunu, fəaliy­yətini hər bir Azərbaycan vətəndaşının sosial-rifah halının yüksəldilməsinə kökləndiyini bildirir və ötən 18 ildə də biz bunun canlı şahidi oluruq. Əməkhaqlarının, sosial ödənişlərin artırılması, iqtisadi rentabelliyin qorunması ilə yanaşı sosial sahədə atılan davamlı addımlar nəticəsində vətəndaşların problemləri minimum səviyyədədir. Prezident İlham Əliyev ölkə miqyasında olduğu kimi beynəlxalq tribunalarda da Azərbaycanın haqlı mövqeyinin qorunması, düşmən tərəfindən törədilən soyqırım və cinayətlərə ədalətli yanaşma tələb etməklə Azərbaycan xalqının itirilən hüquqlarının bərpası istiqamətində qətiyyətli addımlar atır. Bütün bunların fonunda Azərbaycan bu gün dünya birliyində təşəbbüskar ölkə kimi tanınır. İstər BMT Baş Assambleyasında koronavirus epidemiyası ilə bağlı xüsusi iclasın çağırılması, istər regionda yeni düzənin formalaşması istiqamətində irəli sürülən təkliflər nəinki Azərbaycanın, eyni zamanda, dünya ölkələrinin iqtisadi və digər imkanlarını artırmaqla yanaşı regionda sabitliyin, əmin-amanlığın qarantıdır.

Qarabağ münaqişəsinin artıq tarixin arxivinə qovuşduğunu vurğulayan İ.Yusifov deyib: “Ötən müddətdə fəaliyyətsiz qalan ATƏT-in Minsk qrupu artıq yeni sənədlə, hansı ki, o sənəddə Azərbaycanın işğal zamanı tapdanan hüquqlarının qorunması öz əksini tapmalı, işğalla bağlı digər beynəlxalq qurumların qəbul etdikləri qərarlara hörmətlə yanaşdıqları açıq-aydın göstərilməlidir. Dövlətimizin başçısı müsahibəsində Minsk qrupunun fəaliyyətinə toxundu. Bildirdi ki, bu qurumun fəaliyyəti ilə bağlı ortada olan bir sıra suallara aydınlıq gətirilməlidir. Bu isə təbii ki, aradan keçən müddət ərazində Minsk qrupunun fəaliyyətsizliyi zamanı yaranan suallardır. Bəli Minsk qrupu təkcə Rusiya, ABŞ və Fransadan ibarət deyil. Bu üç ölkə, əslində, qalan ölkələri prosesdə iştirakdan necə deyərlər təcrid ediblər. Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, 2005-ci ildə Azərbaycan Avropa Şurasının Parlament Assambleyasında işğalı pisləyən Qətnaməni keçirməyə nail olanda, orada Minsk qrupu tərəfindən böyük qalmaqal qoparıldı. Onlar Avropa İttifaqının cəhdlərinə belə qısqanclıqla yanaşırdılar. Avropa İttifaqının üzvləri olan üç ölkənin xarici işlər nazirlərindən ibarət nümayəndə heyətinin Bakı səfərinə belə Minsk qrupunun həmsədr ölkələrinin münasibəti qısqanc olub. Bütün bunların məntiqi yekunu kimi sözügedən qurum Azərbaycan Prezidentinin dediyi kimi, onlar nə ilə məşğul olmağı planlaşdırdıqlarını əks etdirən gündəlik təqdim etməlidirlər, gündəlik onların üçünün arasında razılaşdırılmalıdır. Daha sonra Azərbaycan və erməni tərəfi buna öz münasibətini bildirməlidir. Bu kimi sənədin və razılaşmanın ortada olmaması və aradan keçən müddət ərzində bu istiqamətdə əməli addım atılmaması təəssüf doğurur”.

Oxşar xəbərlər