Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.
Azərbaycana qarşı bəzi Qərb ölkələri ilə yanaşı, beynəlxalq qurumların da yer aldığını deyən deputat əlavə edib: “Avropa Şurası Parlament Assambleyası (AŞPA) isə bu sırada sırf ermənisifətliliyi ilə daha qabarıq formada fərqlənir. Hər halda AŞPA-da Azərbaycanın səsini dondurmaq təşəbbüsü belə deməyə əsas verir. Anlaşılan Avropanın “erməni sevgisi” virusuna yoluxan siyasətçiləri Azərbaycana təzyiq etmək üçün indi də AŞPA qalxanından istifadə etmək istəyirlər”.
V.İskəndərovun sözlərinə görə, “AŞPA-da Azərbaycanın səsini dondurmaq” təşəbbüsünü irəli sürənlər bu qaranlıq, çirkin niyyətlərini “insan hüquqları” bəhanəsi ilə pərdələməyə çalışırlar: “Amma hər kəsə gün kimi aydındır ki, bunun insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə olaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Yuxarıda da qeyd etdiyimiz kimi, tarixi Zəfərimiz Qərbin bəzi siyasətçiləri, dövlət adamları və beynəlxalq qurumlarında qarın sancısına səbəb olub. Amma onların bütün cəhdləri iflasa məhkumdur. Çünki Azərbaycan necə ki, vahid halda, birlik olaraq torpaqlarını işğaldan azad etdi, eləcə də xarici hücumlara sinə gərəcək”.
Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulmasının, bu qurumun özünün belə heç bir əhəmiyyət kəsb etmədiyini deyən deputat əlavə edib: “Bildiyimiz kimi, Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə Avropa Şurasına üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərinin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. AŞPA bu illər ərzində üzvü olan bir ölkənin (Ermənistan) digərinin (Azərbaycan) ərazisini işğal altında saxlaması faktına göz yumub, işğalçı dövlətin səs hüququnun məhdudlaşdırılması haqda belə düşünməyib”. (AZƏRTAC)