Politoloq Samir Hümbətov sözügedən məsələ ilə bağlı “Vetensesi.az”a açıqlamasında bildirib ki, Ermənistanın Təbrizdə konsulluq açması fikri 2022-ci ilin orkyabr ayında ortaya atılmış bir fikir idi: “2022-ci ilin oktyabr ayının 20-də İranın xarici işlər naziri Qafanda konsulluq açan zaman bildirmişdi ki, həm də Ermənistanın Təbrizdə konsulluğu açılacaq. Bilirsiniz ki, Azərbaycan həmin dövrdə bildirmişdi ki, Fələstində nümayəndəliyimiz, İsraildə isə səfirliyimiz fəaliyyətə başlayacaq. Bu, ona cavab olaraq atılmış addım kimi də qiymətləndirilə bilər. Yəni, İranın belə naşı addımlarını biz tez-tez görürük. Bir də ki, məhz türklərin şəhərində bunu açmaqla bir növ İran “biz öz bildiyimizi edəcəyik” mesajını verir. Düzdür, Təbrizdə o qədər çox erməni yaşamır, az saydadır. Orda Azərbaycan türkləri daha çoxdur”.
Politoloq daha sonra əlavə edib ki, tarixdən də bilirik ki, ermənilərin indiki Cənubi Azərbaycan ərazisində qətliam törətdiyi dövrdə də ilk hissədə insanlar onların qətliam törətdiyi yerlərdən Təbrizə köçmüşdü: “Əslində İran bir siyasi mesaj verir. Bu çox pis bir mesajdır. Xoşagəlməz mesajdır. Qonşuluq siyasətinə ziddir. Bu dini təəssübkeşliyə ziddir. Bir tərəfdən İranın Azərbaycandakı səfiri Abbas Əli Musəvi açıqlamasında bildirir ki, Ermənistan Azərbaycan ərazisini işğal etmişdi. Biz onu işğalçı kimi tanıyırıq və s. Digər tərəfdən də Ermənistanla belə münasibətlər qururlar. Mən hesab edirəm ki, İranın bu addımı sözün həqiqi mənasında Azərbaycanla münasibətlərin pisləşməsinə şərait yaradır və nə qədər ki, İran belə ikiüzlü siyasət yürüdəcək, o qədər Azərbaycan orada səfirliyinin bərpasını hələ ki, nəzərdən keçirməyəcək və bir müddət bu qapalı qalacaq. Bir də bilirik ki, Azərbaycan Tehranda bir il öncə baş verən məlum terror aktından sonra Azərbaycan səfirliyinin əməkdaşının şəhid edilməsindən sonra Tehranda səfirliyi dayandırdı və yalnız Təbrizdəki baş konsulluğumuz fəaliyyət göstərir. Ermənistanın Təbrizdə konsulluğunun açılmasının isə prinsip etibarilə heç bir əhəmiyyəti yoxdur. Konsulluq məsələsi strateji məsələdir. Belə addımın atılması isə Ermənistan İranla bacı olduğunu bir daha təsdiqləyir.
Tahirə AĞAMİRZƏ