Bu sözləri politoloq Ramiz Alıyev söyləyib.
O qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan öz ölkəsini Qərb dövlətlərinin ixtiyarına buraxmaqla regionda gərginliyi daha da artırır. “Sülh müqaviləsi bağlanacaqsa, buna iki ölkə qərar verəcək - Azərbaycan və Ermənistan. Rusiyanın bu prosesdə iştirakı texniki cəhətdən qaçılmaz olacaq. Çünki delimitasiya və demarkasiya üçün istifadə olunacaq xəritələr Moskvadadır. Fransanın, ABŞ-ın bu prosesdə hansı formada iştirakı maraqlı görünür. Ümumiyyətlə, onların bu prosesdə rol almasına ehtiyac varmı? Onlar Ermənistana hansı dəstəyi verəcəklər və ya Azərbaycana hansı təzyiqləri göstərəcəklər? İnanmıram ki, Azərbaycan Ermənistanla bağlanacaq sülh müqaviləsində Qərbin maraqlarını nəzərə alsın. Yayılan məlumatlara görə, İrəvan ilə Bakı arasında noyabrın 30-da sərhədlərin delimitasiyası üzrə komissiyaların görüşü keçiriləcək. Azərbaycan isə Qazaxın 7, Naxçıvanın 1 kəndinin qaytarılmasında qərarlıdır. Görünən odur ki, Ermənistan həmin kəndləri Azərbaycana qaytarmaq istəmir. Azərbaycanın eksklavları Ermənistanın Gürcüstan və İrana olan əsas yollarının üzərində yerləşir. Bu kəndlər qaytarılacağı halda, Ermənistanın strateji yolları Azərbaycanın nəzarətinə keçəcək. Tarixi sənədlər, o cümlədən xəritələr Ermənistan üçün yaxşı heç nə vəd etmir. Buna görə də onlar havadarlarının köməyi ilə məsələnin siyasi yolla həllinə çalışırlar”, - deyə R.Alıyev bildirib.
Politoloq vurğulayıb ki, Ermənistan beynəlxalq platformada Azərbaycana qarşı cəbhə açmaq siyasətini davam etdirir. İrəvan bir tərəfdən Bakı ilə sülhdən danışır, digər tərəfdən isə Avropa dövlətlərini, ABŞ-ı Azərbaycanın üstünə qaldırır, onlarla münasibətlərimizə xələl gətirəcək addımlar atır. İrəvan ABŞ-ı, Fransanı və digər Qərb qüvvələrini regiona dəvət etməklə bölgədə özünə yeni düşmənlər hazırlayır. Ermənistanın sərgilədiyi siyasət Azərbaycanla yanaşı, Rusiyanın, Türkiyənin və İranın da maraqlarına cavab vermir. Erməni politoloqları etiraf edirlər ki, N.Paşinyan Ermənistanı uçuruma aparır və erməni xalqına intihar kəndiri hörür. Müşahidələr göstərir ki, İrəvan Azərbaycanın üzərinə bir neçə ölkə ilə gəlir. Yəni, rəsmi İrəvan Azərbaycanla vasitəçisiz danışıqlara getməyə həvəsli görünmür. Erməni lobbisinin köməyi ilə bu ölkə dünya güclərinin dəstəyini alacağını və rəsmi Bakı üzərində “diplomatik qələbə” əldə edə biləcəyini düşünür. N.Paşinyana görə, Fransa və ABŞ danışıqlarda zəmanətçi tərəf olmalıdır. Ermənilərin bu cəhdləri uğursuz olacaq. Məhz buna görə rəsmi Bakı Qranada və Vaşinqton görüşlərindən imtina etmişdi. Biz çox doğru olaraq ikitərəfli görüşə üstünlük veririk. Prezident İlham Əliyev iraqlı həmkarı Əbdüllətif Rəşidlə görüşündə də Azərbaycanın sülh danışıqlarında maraqlı olduğunu bildirmişdi.
Qərbin Nikol Paşinyanın əli ilə Rusiya, Türkiyə və İranı regiondakı siyasi proseslərdən kənarda saxlamaq istədiyini bir daha diqqətə çatdıran politoloq deyib: “Ermənistanın silahlandırılması, İran ərazisindən dəhlizin çəkilməsinə etirazlar və Azərbaycana qarşı aparılan kampaniyalar bunu təsdiq edir. Qərb regionda böyük perspektivi olan tranzit-logistika layihələrində iştirak etmək istəyir. Ermənistan bir məqamı anlamalıdır ki, Fransa, ABŞ kimi dövlətlər regiondan çox uzaqdadır, onların proseslərə təsiri zəifdir. Bir sözlə, İrəvan olduqca təhlükəli siyasi gedişlər edir. Ermənistanın sülh müqaviləsini uzatması onu region ölkələrindən uzaqlaşdırır”. (AZƏRTAC)