Kəlbəcər istiqamətində təxribat törədən işğalçı ölkə ABŞ-dan aldığı mülki təyinatlı uçuş aparatının üzərində kustar üsulla texniki vasitələr quraşdırıbmış
“Vətən səsi” xəbər verir ki, Ermənistan ordusunun arsenalındakı həmin PUA Amerikanın müdafiə sənayesi sahəsində məşhur olan “Micro Aerial Projects” şirkəti tərəfindən istehsal olunub. Şirkətin rəsmi səhifəsində sözügedən PUA-ların sırf mülki və elmi məqsədlər üçün nəzərdə tutulduğu bildirilir.
Müdafiə sənayesi üzrə ekspert Ramil Məmmədli ermənilərin həmin PUA-lar vasitəsilə Kəlbəcərdə təxribat törətmək cəhdlərini şərh edərkən deyib ki, Ermənistanın mülki təyinatlı və elmi araşdırmalar üçün nəzərdə tutulan uçuş aparatını hərbi məqəsdlər üçün istifadə etməsi işğalçı ordunun hansı səviyyədə olduğunu sübut edir: “Mülki və elmi təyinatlı aparata kustar üsulla hazırlanmış müəyyən texniki vasitələr əlavə edərək hərbi məqsədlər zamanı istifadə etmək yalnız Ermənistan kimi ölkənin işi ola bilər”.
Ekspert həmin PUA-lar hazırlayan istehsalçının da öhdəliklərinə də diqqət çəkib. Ramil Məmmədlinin fikrincə, hər bir istehsalçı şirkət öz məhsullarının kimlərə satıldığına və həmin məhsulların təyinatına uyğun istifadə edilib-edilmədiyinə görə məsuliyyət daşımalıdır: “Yəni şirkət öz məhsulunu satdığı tərəfdən həmin məhsulun necə istifadə ediləcəyinə dair öhdəlik sənədi almalıdır. Ermənistanın həmin PUA-ları istehsal edən şirkətə belə bir sənəd verib-vermədiyi bəlli deyil. Amma görünən odur ki, Kəlbəcər istiqamətində təxribat törədən işğalçı ölkə ABŞ-dan aldığı mülki təyinatlı PUA-nı hərbi məqəsədlər üçün istifadə edib”.
Ramil Məmmədli hesab edir ki, hərbi təyinatlı PUA-ların istehsal xərcləri və satış qiymətləri baha olduğundan Ermənistan kimi iqtisadiyyatı zəif olan ölkələrin arsenalında bu cür aparatların olması mümkünsüzdü. Buna görə də Ermənistan bu məsələdə bəzi manevrlər etməyə, mülki təyinatlı uçuş aparatlarını əldə edərək uzərində kustar üsulla əlavə cihazlar quraşdırmağa və onlardan hərbi məqəsədlər üçün istifadə etməyə çalışır.
Elxan SALAHOV