Dünən “Diz çökməyəcəyik və şansımız olduğu müddətdə savaşacağıq” deyən separatçıların lideri bu gün istefa verirsə...
Vətən səsi” xəbər verir ki, bu barədə Qarabağdakı separatçılarının “liderinin” erməni mətbuatında yayılan bəyanatında bildirilir. Qeyd olunur ki, Araik Arutyunyan Xankəndidəki qondarma rejimin rəhbərliyindən istefa qərarını sabah rəsmiləşdirəcək. O, istefasının səbəbini açıqlayarkən Qarabağdakı mövcud ictimai-siyasi vəziyyətlə yanaşı xarici amillərin də qərara ciddi təsir etdiyini gizlətməyib.
Arutyunyan bildirib ki, onun tərcümeyi-halı və Azərbaycanın ona münasibəti gələcək addımlar və çevik siyasət baxımından süni problemlər yaradır. Üstəlik, müharibədəki məğlubiyyət və müharibədən sonrakı çətinliklər hakimiyyətin, xüsusən də onun etibarını azaldıb ki, bu da gələcəkdə yaxşı idarəçiliyə mane olur. Bu səbəbdən də Arutyunyan dəyişikliyə özündən başlamaq qərarına gəlib.
“Bu, son qərardır. Bu qərarı iki gün əvvəl son həftələrdə daxili və xarici aktorlar və geniş ictimaiyyətlə əlaqələrimi nəzərə alaraq vermişəm. Bu, yalnız məndə olan məlumatların təhlili əsasında balanslaşdırılmış qərarımdır”, – Arutyunyan qeyd edib.
Yeri gəlmişkən, Xankəndidəki separatçı-terrorçu rejimin başçısı Fransadan göndərilən yardım TIR-ları ilə Ermənistana gələn Parisin bələdiyyə sədri ilə dünənki görüşündə (bu görüş video-formatda keçirilmişdi – red.) sona qədər mübarizə aparacaqlarını söyləmişdi. Separatçılara verdikləri dəstəyə görə Fransa hökumətinə təşəkkürünü çatdıran Arayik rəsmi Parisin və Fransadakı erməni diasporunun bu dəstəyi unutmayacaqlarını bildirib. O, eyni zamanda Azərbaycana savaş açırmış kimi leksikonda danışaraq təslim olmayacaqlarını deyib: “Azərbaycan təzyiq yolu ilə bizi diz çökdürməyə ümid edir, amma, bacarmayacaq. Diz çökməyəcəyik və şansımız olduğu müddətdə savaşacağıq. Artıq dünyadan, beynəlxalq qurumlardan, super güclərdən heç bir gözləntimiz olmamasına rəğmən, biz mübarizəyə davam edəcəyik”.
Göründüyü kimi, dünən “Diz çökməyəcəyik və şansımız olduğu müddətdə savaşacağıq” deyən separatçıların lideri bu gün istefa verdiyini bəyan edir və əlavə edir ki, onun bu qərarına xarici amil daha ciddi təsir edib.
Bəs, onun istefa qərarını şərtləndirən xarici amil haradan qaynaqlanır?
Ekspertlər bildirirlər ki, BMT Təhlükəsizlik Şurasının avqustun 16-da keçirilən iclasında uğursuzluğa düçar olan separatçı rejim siyasi və psixoloji məğlubiyyətin acısını dadmağa başlayıb. Araik Arutyunyanın istefa qərarı da məhz bu məğlubiyyətin işartısıdır. Belə ki, BMT-nin məlum iclasından və Ermənistandan Qarabağa “humanitar yardım” gətirən TIR-ların “Laçın” sərhəd keçid məntəqəsindən buraxılmamasından sonra Xankəndində siyasi gərginliyin artması fonunda separatçı dəstələr arasında ixtilaflar açıq müstəviyə keçib. Xüsusilə sabiq “dövlət naziri” Ruben Vardanyanla “prezident” Arutyunyan arasında münasibətlər yenidən kəskinləşib. Vardanyan Arutyunyanı separatçıları və onların siyasi girovuna çevrilmiş erməni əsilli sakinləri aldatmaqda, ona müxalif mövqedə olan “səkkizliyə” verdiyi vədi yerinə yetirməməkdə suçlayıb. Separatçılar arasında ixtilaf bir neçə ay davam etsə də Rusiyanın adamı kimi tanınan Vardanyan öz konsepsiyasını həyata keçirmək üçün rəqibinin sıradan çıxarılmasına nail ola bilib. Siyasi təhlilçilər hesab edir ki, Arutyunanın istefaya getməsi hər şeydən əvvəl Vardanyanın maraqlarına uyğundur.
Xatırladaq ki, Arutyunyan istefa qərarını açıqlamazdan əvvəl qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanı da vəzifədən azad edib. Bununla da separatçılara rəhbərlik müvəqqəti olaraq qondarma “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyana keçib. Belə ki, o, "dövlət naziri" postuna gətirilib.
Elxan SALAHOV