Qarabağdakı qondarma rejimin başçısı Samvel Babayanı da Azərbaycanın dövlət rəsmiləri ilə danışıqlara cəlb etmək istəyir
“Vətən səsi” xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Ermənistandakı məşhur “Hraparak” nəşrinin yaydığı məlumata görə, BMT Təhlükəsizlik Şurasının avqustun 16-da keçirilən iclasındakı uğursuzluqdan məyus olan Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan dünən qondarma “təhlükəsizlik şurası”nın iclasını çağırıb. O, iclasda bölgədə yaranmış vəziyyəti təhlil edərkən deyib ki, “humanitar böhran”ın aradan qaldırılması üçün Azərbaycan hökumətinin təklif etdiyi ilkin şərtlərdən birini, Ağdam-Xankəndi yolunun açılması məqbul hesab edilir. Onun fikrincə, bu yolla yüklərin daşınması və ticarət əlaqələrinin qurulması Qarabağda yaşayan erməni sakinlərin maraqlarına uyğun ola bilər.
Arayik Arutyunyan Ağdam-Xankəndi yolunun açılması ilə bağlı qərar qəbul edildiyini də bildirib. Artıq bununla bağlı ümumi razılıq olduğunu deyən separatçı rejimin rəhbəri 1991-ci ildən bağlanan həmin yolun hansı şərtlərlə açılacağını da söyləyib: “Hər şeydən əvvəl yaxın vaxtlarda Ağdam-Xankəndi yolundakı beton bloklar görütüləcək. Bundan sonra yol yüklərin maneəsiz daşınması və ticarət əlaqələrinin qurulması üçün qismən açılacaq. Tikinti materialları, dizel yanacağı Ağdam-Xankəndi yolu ilə daşınacaq. Ağdam-Xankəndi yolu ilə paralel şəkildə “Laçın yolu”ndakı məhdudiyyətlər də aradan qaldırılacaq, dərmanlar və ərzaq Rusiya sülhməramlıları vasitəsilə sərhəd-keçid məntəqəsində Qarabağa daxil olacaq. Artıq bu məsələlər iclasda geniş müzakirə olunub və qərara gəlmişik ki, bu şərtlər daxilində Ağdam-Xankəndi yolunun açılması “artsaxlılar” üçün məqbul variantdır”.
Məlumatda o da qeyd edilir ki, Arayik Arutyunyan Qarabağ ermənilərinin Bakıya inteqrasiyanın qaçılmaz olduğuna işarə edərək növbəti mərhələdə Azərbaycan hökuməti ilə təbii qaz və elektrik enerjisi ilə təchizat məsələsinin də müzakirə edilə biləcəyini söyləyib. Separatçıların lideri bildirib ki, Azərbaycan “Laçın yolu”nda güzəştə getməyə razılıq verib. Ancaq bunun müqabilində Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunun açılması, ardınca yerli problemlərin həll yollarının birgə müzakirəsi üçün görüşlərin keçirilməsi əsas şərtdir: “Biz Laçın yolunda məhdudiyyətləri aradan qaldırılması üçün buna razılıq vermişik. Hətta yaxın günlərdə Ağdam-Xankəndi yolundakı beton səddləri də sökməyə hazırıq”.
Xatırladaq ki, iyul ayında Brüsseldə Avropa Şurasının sədri Şarl Mişel Azərbaycanın Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağa humanitar dəhliz verməsi təklifini alqışlamışdı. Bu məsələ BMT Təhlükəsizlik Şurasının Ermənistanın və havadarlarının tələbi ilə keçirilən sonuncu iclasında da müzakirə edilib və əksər ölkələr Ağdam-Xankəndi yolunun açılması təklifini dəstəkləyib.
“Hraparak” nəşri yazır ki, Qarabağdakı separatçı liderlərin toplantısında qondarma rejimin “təhlükəsizlik şurası”nın keçmiş katibi Samvel Babayan da iştirak edib. Hətta Araik Arutyunyanın Azərbaycan hökuməti ilə planlaşdırılan görüşlərdə və davamlı xarakter ala biləcək danışıqlarda Babayana böyük etimad göstərdiyi də qeyd olunur. Eyni zamanda o da vurğulanır ki, Qarabağ separatçılarının keçmiş başçıları Bako Saakyan, Arkadi Qukasyan və Rusiyanın adamı kimi tanınan keçmiş “dövlət katibi” Ruben Vardanyan Ağdam-Xankəndi yolunun açılmasına və rəsmi Bakı ilə təmasların qurulmasına qarşıdır. Azərbaycanla danışıqlara Samvel Babayanın da cəlb olunması isə Qarabağdakı indiki və köhnə “hökumət rəhbərləri” arasında fikir ayrılıqlarının kəskin xarakter almasının göstərici kimi təqdim olunur.
“Hraparak” Xankəndi “hökuməti”nə müxalif mövqedə olan qondarma “parlament”in sədri David İşxanyanın iclasa dəvət olunduğunu, ancaq onun Arayikin təklifini rədd edərək toplantıya qatılmadığını yazır. Onu narazı salan əsas məsələ isə “Laçın yolu”nun bütün növ yüklərin daşınması üçün tam işlək olmayacağı barədə şərtlərdir. David İşxanyan bu şərtin nəticə etibarilə “artsaxlıların” həmin yoldan gediş-gəlişinin məhdudlaşdırılmasına gətirib çıxaracağı qənaətindədir.
Elxan SALAHOV