Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib.
Müxtəlif dövrlərdə baş vermiş erməni vandalizmlərindən bəhs edən BAMF prezidenti Bakı Məhkəmə kompleksində hərbi cinayətlər törətməkdə ittiham olunan erməni əsilli müttəhimlərin davam edən məhkəmə prosesinə də toxunub: “1980-ci illərin sonunlarından bəri istər Qərbi Azərbaycanlıların Ermənistandan deportasiya prosesində, istərsə də Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılar erməni şovinistləri tərəfindən çoxsaylı vəhşiliklərə məruz qalıb. Yüzlərlə, hətta minlərlə insanımızın taleyindən hələ də xəbərimiz yoxdur. Bu vəhşilikləri törədənlər onlar haqqında bizə hələ də hansısa məlumat vermirlər. Bu baxımdan nə qədər acı olsa da qəbul etməliyik ki, bu cür kütləvi məzarlıqların aşkarlanması ağrılıdır, amma gözləniləndir. Bu cür kütləvi məzarlıqlar erməni vandalizminin çoxsaylı əyani sübutlarındandır. Erməni qaniçənləri Qarabağı işğal altında saxladıqları illər ərzində əllərindən gəldiyi qədər bu torpaqlara mina basdırdılar, bu minaları məzlum soydaşlarımızın qanları ilə suladılar. Amma xoşbəxtlikdən biz Qarabağı geri qaytardıq və indi o torpaqları erməni vəhşiliklərindən “sağaldırıq”. Hazırda Bakı Məhkəmə Kompleksində törətdikləri hərbi cinayətlərə görə hakim qarşısına çıxan erməni əsilli şəxslər bu cür cinayətlərə yol verən qaniçənlərin yalnız kiçik hissəsidir. Biz inanırıq ki, qısa vaxt ərzində bu şəxslərin hamısı hüquq qarşısında cavab verəcəklər”.
Xatırladaq ki, bu gün Əsgəran-Xocalı yolunda yeddi itkin mülki şəxsə aid meyit qalıqları tapılıb. Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Əsgəran-Xocalı yolunda yeddi itkin mülki şəxsə aid meyit qalıqları tapılıb. Məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar. (AZƏRTAC)