10.03.2025, 22:23
AZ EN
05.08.2023, 08:32 249

Prezidentin “Euronews”a müsahibəsində Qarabağdakı ermənilərin taleyinə bir daha aydınlıq gətirilib

YAZILAR

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Hazırda regionda ölkəmizlə razılaşdırılmadan hər hansı bir layihənin həyata keçirilməsi mümkün deyil. Ermənistan üzərindəki tarixi Qələbəmiz, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının və qüdrətli dövlətlərin 30 il ərzində edə bilmədiklərini Azərbaycanın cəmi 44 gün ərzində yerinə yetirməsi həm ölkəmizin, həm də onun lideri İlham Əliyevin dünya birliyindəki reytinqini daha da yüksəltdi. İşğaldan azad edilmiş ərazilərimizin qısa vaxt ərzində nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkana çevrilməsi bir daha təsdiqlədi ki, Qarabağ Azərbaycandır! Həmin ərazilərdə, xüsusilə Şuşada keçirilən beynəlxalq tədbirlərdə dövlətimizin başçısının dünyanın aparıcı media nümayəndələrinə verdiyi müsahibələrdəki mesajlar Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıqdır. Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı Şuşada keçirilən Qlobal Media Forumda Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər dövlətimizin başçısının qətiyyətini və polad iradəsini bir daha nümayiş etdirdi. Bu müsahibə Ermənistana bir daha xatırlatdı ki, yeganə çıxış yolu sülh müqaviləsini imzalamaqdır.

Bu fikirləri açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O deyib ki, istər Ermənistanla müharibə gedən zaman, istərsə də müharibədən sonra dünyanın bir sıra aparıcı media vasitələrinə dövlətimizin başçısı verdiyi müsahibələrdə hayların işğalçılıq siyasətindən, beynəlxalq hüququn normalarına hörmətsizliyindən, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən qüdrətli dövlətlərin bu ədalətsizliyə biganəliyindən, həmçinin ikili mövqe nümayiş etdirmələrindən söhbət açıb. Söz yox ki, bəzi media nümayəndələri müsahibələrə təxribatçı sualları ilə “hazır” gəlirdilər. Lakin dövlətimizin başçısı onlara ustad dərsi keçirdi. Şuşa Qlobal Media Forumunda jurnalistlərin suallarını 3 dildə cavablandırması böyük rəğbətlə qarşılandı. “Euronews” televiziyasına müsahibəsi isə bu gün də böyük rezonans doğurub. Çünki dövlətimizin başçısı son dövrlərdə baş verən bütün prosesləri incəliklərinə qədər izah etdi. Hazırda iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlardan, Rusiya-Azərbaycan münasibətlərindən, sülh müqaviləsinin imzalanmasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin daha yaxından vasitəçiliyinin səbəblərindən, Qarabağda yaşayan erməni əsilli vətəndaşların gələcək taleyindən, Laçın dəhlizinin legitimliyindən, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanı məyus edən qərarından söhbət açan Prezident İlham Əliyev dedi ki, əslində, prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Biz sülh sazişi ilə nəticələnəcək təşəbbüs irəli sürən hər hansı tərəfi dəstəkləyəcəyik.

Siyasi şərhçi dövlət başçımızın bir sıra mühüm mesajlarını da xatırladıb: “Azərbaycan Prezidentinin konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə çatdırdığı başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün qəbul olunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Bütün bunlara baxmayaraq, Qarabağda yerləşdirilmiş separatçı qüvvələr hələ də atəşkəs rejimini pozur, sülh müqaviləsinin imzalanmasına problem yaradırlar. Bir həftə əvvəl ABŞ-ın Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edən zaman bu məsələ bir daha amerikalı diplomatın diqqətinə çatdırıldı. Təbii ki, telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədə son vəziyyət müzakirə olundu. Ermənistan tərəfinin atdığı təxribatçı addımların sülh prosesinə maneçilik törətdiyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir. Həmçinin Ermənistan tərəfinin “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində hərbi təxribat törətməsi, sərhədçilərimizi atəşə tutması, qaçaqmalçılığa cəhd edilməsi, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərməsi də Dövlət katibinin diqqətinə çatdırıldı”.

Ə.Bədəlov bildirib ki, bu məsələlər müsahibə zamanı da səsləndirilmişdi. Dövlətimizin başçı hazırda sülhün bizim gündəliyimizdə olduğunu xatırladaraq deyib ki, Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddiamız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi, Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər?

Siyasi şərhçi Prezident İlham Əliyevin Qarabağda yaşayan ermənilərin taleyinə bir daha aydınlıq gətirməsinə də münasibət bildirib: “Azərbaycan ərazisindəki ermənilərə normal həyat təklif edir. Onlar təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlarını başa düşməlidirlər. Bununla da onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar”. (AZƏRTAC)

Oxşar xəbərlər