İyulun 17-də Qarabağdakı separatçıların “başçısı” Araik Arutyunyan elan etmişdi ki, bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməsə, biz həm “artsaxda” (hazırda ermənilərin yaşadığı ərazini nəzərdə tutur), həm də ondan kənarda (ordumuzun mövqelərinə qarşı) daha sərt tədbirlərə əl atacağıq.
Politoloq Samir Hümbətov “Vetensesi.az”a məsələni şərh edərkən bildirib ki,
bəli, ayın 17-də Azərbaycanın Qarabağ bölgəsində hələ də mövcudluğunu qoruyub saxlayan separatçıların başçısı Araik Arutyunyan belə bir sərsəm bəyanat verdi. Əlbəttə, bu bəyanat ciddi qəbul edilmədi və onun Azərbaycan üçün hər hansı bir təsirinin olmadığı məlumdur: “Amma hər halda bir bəyanat verib. Onun haradan qaynaqlandığını da bilirik. Prezidentin Şuşadakı konfransda çıxışından bizə məlum olur ki, deməli, burada bəzi oyunlar oynamaq istəyirlər, məqsədləri bəllidir. Yəni, Söhbət təkcə separatçılardan deyil, eyni zamanda ona açıq və gizli formada dəstək verən bəzi “oyunlar oynamaq istəyən” qüvvələrdən gedir. Amma bu Azərbaycan üçün heç də önəmli deyil. Çünki Azərbaycan ərazisidir. Azərbaycanın suveren ərazisi olduğu üçün də burda hər hansı bir tərəfin Azərbaycana şərt qoymağı qeyri-mümkündür”. Politoloq sonra qeyd edib ki, fikrimcə, indiki məqamda bu məsələnin həll olunması müəyyən bir zaman alsa da, mahiyyət etibarı ilə Azərbaycanın xeyrinə nəticə verəcək: “Çünki artıq separatçılara lazım olan fikri hesab edirəm ki, Brüseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel bildirdi. Humanitar dəhliz Xankəndi-Ağdam-Bərdə marşrutu üzrə Azərbaycanın tərkibi əsasında səsləndirildi. Bu isə o deməkdir ki, artıq Avropa İttifaqı da Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarnın humanitar karidorunun yalnız və yalnız Azərbaycandan olması təklifini qəbul eləyir. Eyni zamanda 10 noyabr bəyannaməsini deyirlərsə, onun müddəaları yerinə yetirilməlidir.Təəssüf ki, Rusiya açıq şəkildə bu məsələdə təxribatçı mövqe tutur. Bu, diqqətdən yayınmamalıdır və baş verənlərin bilavasitə arxasında duranların biri də Rusiyadır. Separatçıları orada saxlayan da Rusiyadır. Biz bunu yaxşı bilirik. Bunu artıq dəfələrlə səsləndirmişik. Əgər qısa vaxt ərzində tədbir görülməsi lazım olacaqsa, Azərbaycan tərəfi o tədbiri görəcək. Hələ ki, separatçıları bu cür qızışdırıb yenidən münaqişəni alovlandırmağa çalışırlar.
Prezidentin çıxışından da məlum oldu ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh danışıqları məsələsinə razılığı var, hiss olunur. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, qaldı bunu sənədləşdirmək. Düşünürəm ki, bu həyata keçiriləcək. İndi bu arada sənəd komisiyalarında delimitasiya ilə bağlı sərhədlərdə elə iclasları keçirilir. Yəqin ki, bu məsələ öz həllini tapacaq. Amma hər halda, sizə bildirib ki, Ermənistan-Azərbaycan arasında sülh danışıları prosesi gedişi də asan olmayacaq, onun nəticəsi də asan olmayacaq. Bu, birmənalıdır. Biz bunu gözdən kənara ata bilmərik. Bilməliyik ki, baş verə biləcək istənilən insident gözləniləndir. Yəni, hər bir insidentə hazır olmalıyıq, hər bir təxribata hazır olmalıyıq. Çünki bölgədə sülhün əldə olunmasına mane olan kifayət qədər qüvvələr var ki, təxribata əl atırlar. O baxımdan düşünürəm ki, separatçıların nə dediyi bizim üçün önəmli deyil. Bizim üçün önəmli olan orada erməni ictimaiyyətinin Azərbaycana neinteqrasiyasının gücləndirlməsidir. Bir də Ermənistan və Azərbaycan arasında gedən danışıqlar məsələsidir ki, Ermənistan rəsmi şəkildə Azərbaycan ərazi bütövlüyünü tanımalıdır. Ondan sonrakı mərhələdə artıq işləri qaydasına qoymaq olar”,- deyə S.Hümbətov vurğulayıb.
Tahirə AĞAMİRZƏ