28.03.2024, 16:14
AZ EN
08.11.2022, 16:20

Xalq-dövlət birliyi - Böyük Zəfərin təminatı

Sabit ƏZİMOV

Bu gün Azərbaycan xalqının tarixində ən şanlı, ən qürurlu gündür. 1988-ci ilin fevral ayından etibarən açıq şəkildə dövlətimizin ərazi bütövlüyünə, xalqımızın milli, mədəni, maddi irsinə qarşı terrorlar, soyqırımlar, anneksiya hərəkətləri törətməyə başlayan erməni ekstremist qüvvələri, işğalçılıq siyasəti yürüdən Ermənistan silahlı qüvvələri 2020-ci ilin 8 noyabr tarixinə kimi doğma torpaqlarımızı işğalda saxladılar.

Uzun illər diplomatik danışıqlar, mandat qazanmış vasitəçilərin missiyaları, beynəlxalq qurumların qəbul etdiyi qərarlar kağız üzərində qaldı, ərazi bütövlüyümüzün tamlığı istiqamətində fayda verə biləcək heç bir qətiyyətli tədbirlər görülmədi. Bir çox hallarda isə aparılmış danışıqlar işğalın ömrünü uzatdı.

Azərbaycan dövlətini parçalamaq istəyən, regionda geopolitik maraqları olan dövlətlər isə öz istəklərinə nail olmaq üçün ikili standartlardan istifadə etdilər. Lakin nə qədər böyük maneələr olsa belə, xalqımızın ümumi birliyi mübarizə yolunda sınmadı, əksinə hər gün milli ruh daha da möhkəmləndi, Prezident İlham Əliyevin rəhbərliyi altında yeni bir vətənpərvər, mübariz nəsil yetişdi.

Azərbaycan dövlətinin siyasi-iqtisadi qüdrətinin artması, dövlət quruculuğunun möhkəmləndirilməsi, hərbi strukturun müasir standartlara uyğun formalaşması istiqamətində əhəmiyyətli işlər görüldü. Vaxtilə idarəetmə, vahid birlik sahəsində buraxılmış səhvlərin aradan qaldırılmasına nail olundu. Müzəffər Azərbaycan Ordusu, onun Ali Baş Komandanı xalqımızın istəklərinin həyata keçirilməsi istiqamətində böyük nailiyyətlərə nail oldular. Xalq-dövlət birliyi müzəffər Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə işğala son qoymaq arzusu ilə əks-hücum əməliyyatına tam təminat yaratdı. Keçilmiş tarixi yolu yaxşı xatırladığımız üçün bu gün qürurla qeyd etdiyimiz Zəfər Gününün heç də asan əldə edilmədiyini hamımız yaxşı bilirik.

2020-ci il 8 noyabrda Azərbaycanın müzəffər ordusu işğala məruz qalmış torpaqlarımızı azad edərək belə bir gözəl günü bizlərə qismət etdi. Torpaqlarımızın işğaldan azad edilməsində canlarından keçərək şəhidlik zirvəsinə ucalmış vətən övladlarının xatirəsini ehtiramla yad edir, ruhlarına dualar edirəm.

Əziz xalqımız, hər birinizi Zəfər Günü münasibətilə təbrik edirəm!