27.07.2024, 09:19
AZ EN
16.09.2022, 09:25

Çətin günlərin Azərbaycanı

Şərif AĞAYAR

  • Azərbaycan tarixinin çətin günlərindən daha birini yaşadı. Vətən torpağının ağrıyan yerində canını tapşıran gənc əsgərlərimiz ruhumuzu sarsıtdı. Sosial şəbəkələr işıqlı siması ilə qardaş qədər doğma gələn fotolarla bəzəndi. Bir yandan da qan rəngli qərənfillər, qızılgüllər...

Deyirlər, sürət əsridir. Yüz il bundan əvvəl bir aya, bəzən bir ilə həyata keçirilən hər hansı əməliyyatı indi bir dəqiqənin, bir saatın içində həll edirlər. Eləcə də müharibələri. Çox da uzun çəkmir. Çünki indi həm də onlayn müharibələr aparılır. Texnika ən son yenilikləri ilə hərbi qüvvələrin fəaliyyətinə də nüfuz edib. Lakin nə sirdirsə, Azərbaycanın üzləşdiyi problemlər uzandıqca uzanır, bir son, bir nəhayət tapmır. Hər zaman haqq etdiyimiz səadətə qara bir əl uzanır və ürəyimizin açılmasına imkan vermir.

Sirr deyil ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə təkcə Azərbaycanın yox, bütün Qafqazın taleyini dəyişib. Yalnız hadisələr deyil, tarix özü də yeni müstəviyə, yeni mərhələyə keçib. Bu, Qarabağ məsələsində dövlətimizin konstruktiv mövqeyi və ordumuzun rəşadəti sayəsində mümkün olub. Tale yüklü hadisələr həm də yeni dövrə qədəm qoymağımızla şərtlənir. Xırda bir misal deyim. Müdhiş 90-cı illərdə nə Arazın o tayındakı qardaşlarımız, nə də Türkiyə kimi yaxın bir ölkə bizə lazımınca dəstək verə bilmədi. Dövrün xarakterindən irəli gələn irili-xırdalı səbəblər vardı. Hər şey bir yana, lazımınca məlumatlı deyildilər. Yadımdadır, 2000-lərin əvvəllərində hətta mətbuatda işləyən türklərə və güneydən gələn qardaşlarımıza Qarabağla bağlı məlumat verirdik, onlar xəritədə bu əraziləri dəqiq göstərə bilmirdilər. Doğrudan da zaman böyük müəllimdir. Nə qədər ağır olsa da, biz son 30 ili yaşamalı idik. Bəzən insanlıq zamanın içində istisna hallar yaşayır, nə qədər sürət əsri ilə ayaqlaşsa da, hadisələrdən doğru nəticə çıxarmaq üçün uzun sınaqlar keçir.

Bəli, İkinci Qarabağ savaşı ilə Qafqaz tarixin yeni mərhələsinə qədəm qoydu. Ermənistanın özündə Xocalı qatillərinin son hakimiyyət ümidləri də puça çıxdı. Hətta onlardan biri hələ müharibədən əvvəl məhkəmə qarşısına çıxarılmışdı. Lakin bu hələ əsl məhkəmə deyildi. Əsl məhkəmə, böyük ehtimalla, yaxın gələcəkdə baş tutacaq və o məhkəmədən asanlıqla yaxa qurtarmaq mümkün olmayacaq.

Azərbaycan xalqı həmişə sülhsevər olub. Əks halda torpaqlarımızın işğaldan azad edilməsini 30 il gözləməzdik. Sülh danışıqlarının nəticə verməsinə bu qədər çalışmazdıq. Bayaqdan bəhs etdiyim tarixi fürsətlərdən biri də bu idi: bütün dünya sülh cəhdlərimizi görürdü və müharibədən başqa çıxış yolumuzun qalmadığına şahid oldu. Buna görə müharibə boyu bir neçə istisna ilə bizə çox da kəskin təzyiq göstərilmədi.

Bu il mütəxəssislər tərəfindən sülhə doğru ciddi addımlar ili kimi xarakterizə olunurdu. Doğrudan da belə görünürdü. Demokratik yolla hakimiyyətə gəldiyini iddia edən Ermənistan hakimiyyəti danışıqlara da gəldi, bəzi mütərəqqi fikirlər də səsləndirdi. Lakin görünür biz yenə ənənəvi erməni hiyləsi ilə üz-üzəyik. Üstəlik, Qafqazda əbədi sülhün və əmin-amanlığın təmin olunmasını istəməyən başqa qüvvələr öz işini görür.

Demokratik hakimiyyət indiki şəraitdə getdikcə azalan erməni xalqına müharibə arzulamaz. Bundan əlavə, qonşu ölkədən torpaq iddiasına düşməz. Çünki demokratiya xalqın iradəsini ifadə ilə yanaşı həm də beynəlxalq qanunvericiliyə hörmət etməkdir. Yüzü yüz söz desin, dinc erməni xalqının İkinci Qarabağ savaşından sonra da öz gənc övladlarını itirmək istədiyini düşünmürəm. Həm də bu nəticəsiz, hətta axmaqca bir işdirsə…

Qarabağ müharibəsi sübut etdi ki, Ermənistan zəifdir və Azərbaycanla heç bir sahədə rəqabət aparmaq iqtidarında deyil. Müasir hərbi imkan baxımından isə aradakı fərq ağlasığmazdır. Məhz 30 il işğalda qalan bu qədər ərazinin cəmi 44 gündə azad edilməsi bunun sarsılmaz isbatıdır. Şuşa qələbəsi isə təkcə üstünlükdən yox, həm də milli iradədən xəbər verir. Demək, doğrudan da, Qafqazda artıq heç nə əvvəlki kimi deyil və olmayacaq. Qarabağda yaşayan separatçı ermənilərin müstəqillik xülyaları biryolluq tarixin tozlu arxivinə gömülüb. İndən belə onlar yalnız lokal silahlı münaqişələr törədə, terrora əl ata bilərlər. Bundan isə özləri daha çox ziyan çəkəcək. Təsəvvür edin, Şuşada – Xankəndinin başının üstündə ən müasir silahlara malik Azərbaycan əsgəri dayanıb, səhərlər, axşamlar himn oxunanda erməni sakinlər bunu eşidir, dalğalanan bayraqları görür, ağlı çaşmış bir saqqallı isə hardasa Azərbaycana qarşı terror hazırlayır. Məntiq işi, ağıl karı deyil.

Təəssüflə qeyd etməliyəm ki, dövrün xarakterinə və günün hərbi-siyasi mənzərəsinə uyğun gəlməsə də, şər öz işini görə bilir. Çünki şəri nə erməni xalqı düşündürür, nə də Azərbaycan, ona yalnız münaqişə lazımdır. Bunlar o qüvvələrdir ki, çörəyi qandan çıxır və on illərdir dünyanın dörd bir tərəfində iş başındadırlar.

Azərbaycanın bütün dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən bəlli bir sərhədi var. Bu sərhəd heç vaxt pozulmayacaq. Azərbaycan ordusunun gücü, dövlətin və xalqın iradəsi bunun qarantıdır. Qarabağ zəfəri isə artıq deyilənlərin praktiki göstəricisidir. Bundan sonra qarşı tərəfin yalnız bir ağıllı seçimi var: qalıcı sülhə getmək...

Axı nə qədər ölüb-öldürmək olar?

Axı son 30 il göstərdi ki, şəhid vermək, insan itirmək Azərbaycanı haqq yolundan döndərmir. Əksinə, onu daha da mətinləşdirir. 90-ların böyük məğlubiyyəti də iradəmizi sındıra bilmədi. Eyni zamanda bu məğlubiyyət qarşı tərəfə heç nə vermədi. Torpaqlar əllərində ola-ola de-fakto və de-yure heç bir iş görə bilmədilər. Noyabr müqaviləsindən sonra yerlə yeksan edilmiş şəhər və kəndlərdən başqa heç nə görmədik. Məsələnin hüquqi tərəfi isə 80-ci illərin absurd iddialarından bircə qarış da qabağa getməyib.

Allah adama düşmənin də məntiqlisini qismət eləsin. Xalqın iradəsini təmsil etdiyini iddia edən bir hakimiyyət ərazi iddialarına əsaslanan silahlı münaqişəyə getməməlidir. Azərbaycan növbəti “Qisas əməliyyatı”na başlasa yaxşı olmayacaq. Əməliyyatın adı hər şeyi deyir. Yəni bizim müharibə niyyətimiz yoxdur. Xalq bunu istəmir. Lakin düşmən təxribatının qurbanı olan hər bir Azərbaycan vətəndaşının qanını almaq iqtidarındayıq.

Bu gün Qafqaza sülh hava və su kimi lazımdır. Buna mane olan, tərəfləri silahlı münaqişəyə çəkən qüvvələr hər iki tərəfin düşmənidir.

Allah şəhidlərimizə rəhmət eləsin.

Sonuncu göz yaşımız olsun.