22.07.2024, 02:37
AZ EN
20.05.2022, 08:00

Xalqın könül sirdaşı

Şərif AĞAYAR

Belə götürəndə, doğrudan, şeytan əməlidir: tut ağacından çanaq, qoz ağacından qol, gilas ağacından mizrab... Özü də tut quru yerdə - yəni güneydə bitməlidir. Elə bil susuzluq görməlidir ki, səsi daha yanğılı versin. İçinin boşluğuna da mütləq bir neçə qırma atırlar. Bunun da mistik mənası var: o boşluğa cin-şeytan enerjisi girməsin. Axı qədim inancımızda cini-şeytanı qurğuşun əridib qovma adəti var.

Bəs şeytanın məqsədi nədir ki, belə bir alətin kəşf olunmasında canfəşanlıq göstərib? Əlbəttə, insanların başını qatmaq, onları ibadətdən yayındırmaq. Lakin ağıllı adamlar sazı irfan mətləblərinin xiridarına çevirməklə şeytanı peşman eləyiblər.

Ustad Aşıq Ələsgər də şeirlərinin birində sənətinin günah olduğunu dilə gətirir. Bu, heç şübhəsiz, ortodoksal islam inancı ilə bağlıdır. Çünki onlar çalıb-oxumağı, şeir deyib şənlənməyi günah hesab edirdilər. Əslində hər şeyin bir az da real səbəbləri var. Bildiyiniz kimi, islam peyğəmbərinin zamanında onun Tanrıdan vəhy kimi qəbul etdiyi sözlərin ecazını azaltmaq üçün Qurana nəzirələr yazır, bu cür “şirin kəlamların” az-çox istedadı olan istənilən şair tərəfindən deyilə biləcəyini diqqətə çatdırırdılar. Ona görə müqəddəs kitabımız şairlər haqqında xüsusi surə ilə çıxış etdi və vəhylə ilham fərqini öz möminləri üçün aydınlaşdırdı.

Dünyada taxtaya sim qoşub həm kəmanə, həm də mizrabla ifa edən xalqlar çoxdur. Bəşəriyyət əti közə atıb bişirmək kimi taxtaya sim qoşub çalmağı da dünyanın hər yerində kəşf eləmişdi. Bu, ilk ağla gələn işdir. Güneydən tut, quzeydən qoz ağacı gətirmək, mizrab üçün mütləq gilas qabığı axtarmaq isə sonrakı məsələdir. Çox güman söhbət səsin fərqli coğrafiyalarda yaşayan insanların ruhunu daha dəqiq ifadə etməsinə çalışmaqdan gedir. Və qarşıda illərin təcrübəsi var. Kim bilir, bəlkə, tut, qoz və gilas ağaclarına qədər əlli ağac sınaqdan keçiriblər? Sazın möcüzəsi bununla bitmir. Ondan istənilən melodiyanı almaq üçün 3x3x3=9 modelindən istifadə olunub. Bu alətin çanağını təşkil edən qabırğaları da, simləri də, aşıqları da doqquzdur. Üçünün də sayı doqquzdur və hər biri üç-üç qruplaşır. Üç-üç çəkilən simlərin arasında azca boşluq var. İfa zamanı bu boşluğun xüsusi əhəmiyyəti vardır. Simlər həm də funksionallıq dərəcəsinə görə altdan yuxarı sıralanır. Yəni havacatlar əsasən aşağıdakı üç simdə çalınır. Lakin güclü ifaçılar sazda polifoniya əldə etmək və akkord tutmaq üçün bütün simləri ifaya cəlb edirlər. Simlər aşıqlara bağlandığı üçün onlar da eyni cür qruplaşır.

Saz yeganə alətdir ki, başqa xalqlar heç vaxt mənimsəyə bilməyib. O həm də Azərbaycanın “qarışığı olmayan” yeganə musiqi alətidir. Nə quruluşunda, nə səsində, nə də havacatlarında yad izlər tapmaq qeyri-mümkündür.

Hətta o qədər həssas alətdir ki, xüsusi bölgələrdə özünü daha rahat hiss edir. Şübhəsiz bu bölgələrin başında Göyçə və Zəngəzur gəlir. Ədəbiyyat tarixinə nəzər salsaq, ilk azman aşığımızın da Şərqi Zəngəzurdan olduğunu görəcəyik. Söhbət indiki Cəbrayıl Ərazisində yaşamış Dirili Qurbanidən gedir. Biz bu böyük sənətkarın şəxsində həm sazın, həm aşıq şeirinin Cənubi Azərbaycan torpaqları ilə, hətta saraylarla əlaqəsini də müşahidə edirik. O, Şah İsmayıl Xətainin sarayında təşkil olunan şeir məclislərinə gedir, orda şeirlərini oxuyurdu. Adının da Aşıq Qurban kimi deyil, Qurbani kimi təqdim olunması o vaxtın klassik əruz şairlərindən, lap elə Xətainin özündən təsirlənməsinin göstəricisi hesab olunur.

Sazımızın daha bir möcüzəsi onun musiqi imkanları ilə aşıq şeirinə aid etdiyimiz nümunələrin intonasiya baxımından bir-birini tamamlamasıdır. Qoşma, gəraylı, təcnis, divani yazan şairlər, hətta saz çala bilməsələr də, çox zaman saz havacatları üstündə zümzümə edirlər. Əslində, bu şeirləri saz havacatları özü yazdırır. Sanki sözlər hansısa sirli mağarada gizləniblər, şairlər saz havaları zümzümə edərək o mağaraların tilsimini açır, sözlərdən bir qucaq sovqat düzəldib dinləyicilərinin görüşünə gəlirlər. 

Sazın türk-azərbaycanlı düşüncəsindəki yerinin əhəmiyyətini anlamaq üçün həm də “Kitabi-Dədə-Qorqud” dastanındakı əhəmiyyətli bir detala diqqət yetirməliyik. Dastanda bir Dədə Qorqud özündən daha əvvəl yaşamış başqa bir Dədə Qorqud haqqında əhvalatlar danışır. Birinci Dədə Qorqud İslam peyğəmbəri ilə görüşmüş, onun bilik çeşməsindən su içəndən sonra bir növ mənəvi canişin kimi türk-oğuz ellərinə gəlmişdir. Peyğəmbərdən öyrəndiyi mətləbləri həm də qopuz (sazın əcdadı) vasitəsi ilə doğma dilə tərcümə edir, insanlara çatdırırdı. Beləliklə, saz şeytanı həm də dünyanın son dinini yaymaq missiyası ilə utandırmışdır. Eyni zamanda, İslamın necəsə təsirinə məruz qalsa da, onu tamam özününküləşdirir, doğma yerlərinin təkcə yaşayışına və məişətinə deyil, ruhuna da uyğunlaşdırırdı.

Saz bizim taleyimizdəki tarixi kodları dəqiq tutdu. Ona görə həm havacatlarda, həm də aşıq şeirlərində unikal nümunələr yarada bildik. Saz üçün ağlagəlməz yeniliklər edib onu tamamilə modernləşdirən də bizim həmyerlimizdir. Söhbət Borçalı mahalında yaşayıb-yaratmış ustad aşıq Əmrah Gülməmmədovdan gedir. Məhz Əmrahın sayəsində saz sənətində “Borçalı yolu” deyə bir ifadə formalaşdı. Onun alternativi isə “Göyçə yolu” idi. Məlumat üçün qeyd edim ki, Kəlbəcər və Laçın kimi sazın çox dəbdə olduğu rayonlarımız əsasən Göyçə məktəbinə məxsusdur. Lakin indi yetişən yüksək texnikalı gənc ifaçılar bütün yolları yaxşı bilir, bəzən isə onların sintezini həyata keçirirlər. Əlbəttə, klassik modeldə bu yollar, hətta Təbriz və Şirvan yolları da, bir-birindən çox da fərqlənmir. Bu istiqamətlər daha çox tərz və üslub məsələsidir.

Aşıq Ələsgərin şəxsində saz şeiri, ədalət Nəsibovun şəxsində isə saz ifaçılığı özünün pik nöqtəsini yaşayır və hər iki şəxsiyyət bizim Azərbaycana məxsusdur. Bu mənada saz onu sevən on milyonlarla türkdilli xalqlar arasında daha çox bizimkidir.  

Məcburi köçkünlük illərində biz Göyçəni və Zəngəzuru sazda yaşada bildik. Ən böyük şəhərlərimizdə belə saz modern musiqinin rəqabətinə tab gətirdi. O, təkcə işğalçılarla deyil, inanılmaz tərəqqi və dəyişiklik yaşayan zamanla da vuruşurdu. Təsadüfi deyil ki, işğaldan azad olunan torpaqlara qayıdış həm də oralarda saz ifa etməklə müşayiət olunur. Bu ifalarda söz də var axı. Bir hava üstündə hecası və ahən­gi uyğun gələn minlərlə şeir oxumaq olur. Sənətkarlar qayıdış mövzusundakı sözlərlə öz sevinclərini ifadə edirlər. Hava həmin havadır, söz yenilənməyə başlayıb. Köhnə havalarda yeni sözlər oxunur.

Xalq şairi Cabir Novruz haqlı olaraq “Təki millətdə ruh yaşasın” deyir. Ruhsuz ən sadə işi belə görməyi bacarmırsan. Saz tarix boyu xalqımızın ruhunu yaşada bilib. Onun mistik əhvalatları da, təslim olmayan iradəsi də bu fenomenin içində gizli-saxlıdır. Saz kədərli zamanımızın da, sevincli anlarımızın da ən etibarlı könül sirdaşıdır.

Şərif AĞAYAR

SON XƏBƏRLƏR