İkinci yazı
Laçın bir qərinə sonra eyni hissləri mənə təkrar yaşadırdı.
Gəzintiyə “Abidə”nin ziyarəti ilə başladıq. Bura Laçının “Dağüstü parkı” da demək olar. Şəhərin mərkəzində ən hündür yerdir. O vaxt burada 1941-45-ci il müharibəsinə təntənəli abidə qoymuşdular. Ermənilər abidə-kompleksi dağıtmamışdılar, lakin dağıtsalar bundan yaxşı idi. Hər tərəfini cızıb-yazıb erməniləşdirməyə çalışmışdılar. Ona görə bizimkilər tamamilə söküb yenidən tikmək qərarına gəldilər.
“Abidə”dən nəinki Laçın şəhəri, hətta rayonun əksər hissəsi görünür. Eyni zamanda, Ermənistanın sərhəd kəndləri, Qərbi Zəngəzur dağları, bəlkə, Ordubad dağları görünür. Eyni zamanda buradan həm Zabux yolunu, həm də Ermənistan üzdən indiki sərhəd keçid məntəqəsinə enən yolu asanlıqla müşahidə etmək mümkündür.
“Abidə”dən haradasa 40 km şimali-qərbdə yerləşən “Böyük İşıqlı” da görünür. Mən kəndimizin qərbinə yerləşən bu əzəmətli dağı zirvəsindəki qardan tanıdım. Hoçaz qayasının solundan görünən qar başqa hansı zirvədə ola bilərdi?
Laçın rayonu dörd tərəfdən dağlarla əhatə olunub. Şimalda Dəlidağ, cənubda Kirs, şərqdə Qırxqız, qərbdə İşıqlı silsilələri... Bu əfsanəvi genişlik içərisində yaşıl bir okean dalğalanır. Kəndlər də bu yaşıl çəmənlərin və meşələrin arasındadır.
Laçına ekskursiya edən yazıçı dostları ən çox məşhur Tat dərəsi və Həkəri çayının üstündə yaradılmış sərhəd-keçid məntəqəsi maraqlandırır. Biri Andronikin darmadağın edildiyi, o biri Vaqif Xaçaturyanın tutulub Bakıya gətirildiyi yer kimi... Artıq eyni çayın üstündə yerləşən Tat dərəsi kimi keçid məntəqəsi də öz qəhrəmanlıq tarixçəsi ilə yaddaşlara həkk olunub.
Məlumat üçün bildirim ki, Laçın ermənilərin imzalamağa məcbur qaldığı 8 noyabr müqaviləsinin şərtlərinə əsasən sülh yolu ilə azad edildi. Qərara alındı ki, Qarabağ ermənilərinə Ermənistanla əlaqə saxlamaq üçün şəhərdən müvəqqəti yol verilsin. Ancaq tez bir zamanda Laçını alternativ yolun çəkilişi ilə rus sülhməramlılarının nəzarətindən çıxarmaq planlaşdırılırdı. Ermənistan müştərək çəkilən yolla bağlı işi nə qədər yubatmağa çalışsa da, Azərbaycan hökumətinin qətiyyəti ilə plan baş tutdu. Beləliklə, Laçın şəhəri qondarma dəhliz statusundan, laçınlılar isə “kolon” növbələrindən xilas oldu. Şəhərdən bir neçə kilometr aşağıda Həkəri çayının üstündə salınmış körpü ermənilərin istismarına verildi. Biz isə körpünün altından rahatca gedib-gəlirdik.
Gün gəldi hökumətimiz daha bir tarixi addım atdı: körpüdə gömrük postumuzu yaratdı. Bu, Şuşanın işğaldan azad edilməsindən sonra ən böyük qələbəmiz idi. Biz ölkəmizə girib-çıxan adamlara və yüklərə nəzarət etmədikcə, problemi həll edə bilməzdik. Laçın post-məntəqəsində göstərdiyimiz qətiyyət Xankəndinə bayrağımızın sancılması ilə nəticələndi. Bu da növbəti ağlagəlməz zəfər idi.
Mən bütün bunları yazıçı dostlarıma da danışdım. Həm də əlimi uzadıb yolları, kəndləri, sərhədləri göstərə-göstərə...
Biz “Seyrəngah”ı və “Hoçazfilm” studiyasını ziyarət etdikdən sonra Zabux kəndinə də getdik və o yoldan həm Tat dərəsi, həm də post-məntəqə yerləşən dərə çox aydın görünürdü. Həkərinin o tayında isə 19 tırın boyun-boyuna verib gözlədiyi məşhur yamac ağarırdı. Deyilənə görə, ard-arda qayıtmışdılar geri. Sözün hər iki mənasında “dala vermişdilər”. Çünki o dar yolda dönmək mümkün deyildi.
Zabux kəndindən eyni əhəmiyyətli strateji nöqtə kimi danışmalıyıq. Bura ermənilərin ən çox məskunlaşıb yaşadığı kənd idi. Ordan-burdan əllərinə keçən ailələri köçürüb yerləşdirmiş, ayrıca bir qəsəbə salmışdılar. İndi tam əksinə iş gedib. Zabuxu bizimkilər daha böyük və daha abad bir qəsəbəyə çevirib və çoxlu ailələr köçürülüb. Ağalıdan sonra Zabux işğaldan azad olunmuş ərazilərdə əhali məskunlaşan ikinci yaşayış məntəqəsi kimi tarixə düşdü.
“Hoçazfilm” studiyası ayrıca bir aləmdir. Studiyada elə bir şərait yaradılıb ki, təkcə bölgə rayonlarından deyil, bütün respublikadan, hətta Bakıdan bura çəkiliş üçün gələcəklər. Dekorativ vertolyot, təyyarə salonu və həbsxana, bildiyim qədər, ilk bu studiyada yaradılıb. Üstəlik modern avadanlıqları ilə xüsusi laboratoriyası da var.
Ali baş komandan cənab İlham Əliyevin Laçın şəhəri günü ilə bağlı Həkəri çayının sahilində salınmış bulvarda keçirilən bayram şöləni vaxtı “Hoçazfilm”i ziyarət etməsi təsadüf deyildi. Studiyanın rəhbəri rejissor Amil Amal tərəfindən ona məruzə olunan film də eləcə... Laçının igid oğlu Xosrov bəy Sultanovdan bəhs edən “Qubernator” filmi... O kişi ki, qısa vaxt ərzində Zəngəzur və Qarabağda baş qaldıran erməni separatçılarını məğlub edərək Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyini bərpa etmiş, Ağdamdan Şuşaya hərbi parad keçirmişdi. Ondan yüz il sonra eyni zəfər paradı Xankəndində keçirildi. Və daha bir maraqlı fakt: artıq çəkilişləri yekunlaşmaq üzrə olan “Qubernator” filminin ssenarisi bəndənizə aiddir.
Səfərimiz yekunlaşanda Laçına qonaq gəlmiş yazıçılara Laçın qonaqpərvərliyi nümayiş etdirildi: onların şərəfinə Həkərinin sahilindəki restoranda, həm də açıq havada banket verildi. Vaxtın azlığına baxmayaraq qrup üzvləri şəhərə köçən ailələrdən birinə baş çəkmək fürsəti də qazandı. Uzun müddət Laçın rayonunda rəhbər vəzifələrdə işləmiş mərhum Aydın Sadıqovun adını eşidəndə barmağımı dişlədim. O, atamın müdiri və yaxın dostu olmuşdu. Ürək edib artıq ömrünün ahıl çağlarını yaşayan həkim xanımından soruşdum. Yanılmamışdım. O, atamı tanıdı və ona salam göndərdi. Ailə üzvləri məni də bir yazar kimi tanımış və oxumuşdular. Bu da xüsusi məmnunluq hissi bəxş etdi mənə. Aydın müəllimin həkim xanımının salamını çatdırmaq və keçən günləri yada salmaq üçün artıq yataq xəstəsi olan atamla görüntülü danışdım. Bu, onunla sonuncu söhbətim oldu. Bir neçə gün sonra atam insult keçirib komaya düşdü və vəfat etdiyi günəcən onunla bir daha ünsiyyət qura bilmədim.
Beləliklə, bizim son söhbətimiz də Laçınla bağlı oldu!
Yazıçı dostlarım Laçından – Həkərinin cənnət sahilindən ayrıla bilmirdilər. Ona görə saat 16 üçün planlaşdırılan yolçuluq hava qaralanda başladı. Bizi ötən gün Laçında qarşılayan işıqlar indi yola salırdı. Biz Laçını işıqlara tapşırırdıq...
Birinci yazı https://vetensesi.az/articles/163 linkdə