26.12.2024, 20:26
AZ EN
07.11.2023, 13:30

Yazıçılarla Laçında bir gün

Şərif AĞAYAR

  • İkinci dəfədir Laçına qaranlıq çatıram. Birincisində ətrafda qara bir vahimə hökm sürürdü, ikincidə əsrarəngiz bir çilçırağın içərisinə daxil oluram. Çünki birincisində burada ermənilər yaşayırdı, ikincisində şəhərin əsl sakinləri və sahibləri. Daha bir fərqi də vardı bu səfərlərin. Birincisində bizi sülhməramlı rus əsgərlərinin zirehli maşını müşayiət edirdi, ikincisində özümüz sərbəst hərəkət edir, istədiyimiz yerdə dayanır, maşından düşür, foto çəkir, söhbət edirdik.

Mənim iki vətənim var. Biri Laçın, o biri ədəbiyyat. Təbii, bunların hər ikisi böyük vətənin – Azərbaycanın içində birləşir. Məcburi köçkünlük illərində ədəbi aləmdəki yaxın dostlarıma Laçından çox danışmışam. Onlar da sağ olsunlar, məni səbirlə dinləyiblər. Hətta xətrim xoş olsun deyə dediklərimi şərik çıxıblar, oxuduqları, eşitdikləri, lakin görmədikləri Laçın haqqında xoş sözlər söyləyiblər. İtki yiyəsinə itirdiyi şeyi təriflə, yox yerdən savabını qazan! İnsan itirdiyini mədh eləməyi çox sevir. Başqa birinin mədh etməsini isə daha da çox sevir. Qəribədir, itirilən şeyin dəyərini artırmaq onun həsrətini də artırmalıdır, amma əksinədir, azaldır.

Mənim ən yaxın bildiyim ədəbiyyat adamlarına Laçından danışmağım həm də vətənimi vətənimə qovuşdurmaq istəyidir. Heç olmasa sözdə. Hiss edirəm ki, əlimi uzadıb ən yaxın dostlarıma Laçının bənzərsiz təbiətinin hansısa bir parçasını göstərib danışmaq istəyirəm. Hətta xəyalımda təsnifat da aparmışam: filan yeri filankəsə göstərərdim, bəhmən yeri bəhmənkəsə.

Son otuz ildə Laçın və onun istiqanlı insanları ilə bağlı yazdığım yazılarda da vətəni vətənə qovuşdurmağa çalışdırmışam. Həmin gün isə bu vüsalı xəyallarda və yazılarda deyil, gerçəkdə yaşayırdım – ədəbi aləmdə özümə yaxın bildiyim imzalardan bir neçəsi ilə Laçına gedirdim. Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin mənə təklifi təxminən belə idi: yazar dostlarından on-on beş nəfər götür, get Laçını gəz, onları oralarla tanış elə. İnsana bundan daha gözəl nə deyilə bilər? Elə bil içimdəki vətənləri biri-birinə qovuşdurmaq ehtirasını hiss etmişdilər. 

On iki nəfərlik siyahıma Şəhriyar del Gerani “on üçüncü atlı” kimi sonradan qoşuldu. Görüşəndə məlum oldu ki, ümumi heyətimiz on səkkiz nəfərdir. Hava işıqlanmadan Bakını tərk etdik. Birinci ünvanımız Füzuli oldu, ikinci ünvanımız Şuşa... Füzulidəki quruculuq işləri, yeni köçürülmüş ailələrin yaşadığı bina kefimizi açan ilk fakt oldu. Sonra bir neçə saatlıq Cıdır düzünün sehrinə düşdük, Molla Pənah Vaqifi öz şeiri ilə yad elədik, Qala qapısından azad Xankəndinə baxdıq...   

Yazar dostlarım arasında ayağı Qarabağa ilk dəfə dəyənlər vardı. Çoxu Şuşada olmuşdu, amma Laçına ilk dəfə səfər edirdi. Fəxri Uğurlu və İlqar Rəsul kimi Laçını son dəfə otuz iki-otuz üç il əvvəl görənlər də vardı. Bildiyiniz kimi, Fəxri bəy Laçının ən tanınmış qələm adamlarından biri, rayonun adını özünə təxəllüs götürüb bütün Azərbaycanda populyarlaşdıran Ağa Laçınlının övladıdır. O həm də mərhum atasının əvəzinə gəlirdi bu ziyarətə. Həm də onun gözləri ilə baxacaqdı şairin ən gözəl şeirlərinin poetik ünvanına. 

Şəhriyar on üçüncü atlı özəlliyini doğrudan da qoruyurdu. O, nəinki Laçında olmuş, hətta rayon mərkəzindən altmış kilometr yuxarıları – Minkəndi, Qarakeçdini, Ağbulağı da ziyarət etmiş, Çöplügöl, Kənd yeri, Yeddi bölük yaylaqlarınacan gedib çıxmışdı. Mirmehdi Ağaoğlu isə APA informasiya agentliyinin müxbiri kimi hamımızdan əvvəl Laçına səfər etmiş, şəhərdən təxminən iyirmi kilometr şimali-şərqdə yerləşən Ağoğlan məbədinə qədər getmişdi. 

Kəlbəcərli dostumuz Elxan Salahov isə təkcə Laçından gəlib-getməmiş, həm də Hoçaz qayası uğrunda döyüşlərdə iştirak etmişdi. Hoçaz da ki gözümüzün qabağında! Elxan Salahov qrupumuzun şəhadət barmağını uzadıb mənim özümə nəsə göstərə biləcək yeganə üzvü idi. Əslində, o, pusquya düşdükləri yeri göstərməklə mənə təkcə məkanı deyil, həm də zamanı nişan verirdi. 

Əgər biz səhər hava işıqlanmadan Laçını tərk edib qayıdası olsaydıq, bu gözəl diyar ziyarətçilərinin yadında sayrışan işıqlar, eniş-yoxuş yollar, aydın ulduzlu səma və bol oksigen kimi qalacaqdı. Amma hələ bunun səhəri vardı. 

Kateclərə qədər yazıçı, Kulis.az saytının redaktoru Ömər Xəyyam məni əməlli-başlı danladı. Dedi, Laçındasan e, a kişi, səni heç adekvat görmürəm. Bu “hari mələk hu” saqqallı Allah bəlasına “şair, dördüncü dəfədir gəlirəm, həyəcan istər-istəməz azalır” desəm də, içimdə özümdən şübhələndim. Doğrudanmı elədir? Doğrudanmı Laçının həyəcanı mənim üçün belə tez bitdi? Ancaq səhər hava ağaran kimi qrup üzvlərini yuxuda qoyub 1 dekabr küçəsi ilə Aşağı Poçta qalxanda Ömərə haqq qazandırdım. Mən doğrudan da axşam yox, indi adekvat edim. Fəxri Uğurlu isə dünəndən bəri əsgərlərimizə səmimi dualar ilə “paparazzilər”dən canını qurtarmışdı. 

Laçında məni ilk diksindirən itlərin səsi oldu. Sözün hər iki mənasında. Həm qorxdum, həm də Laçında gəldiyimi mənə təfərrüatı ilə çatdı. İtlər hürə-hürə mənə sarı xeyli qaçdı. Yerimə İlham Əziz kimi aran uşağı olsa, yəqin dərə aşağı götürülərdi. Mən “kürdldüyümə salıb” irəli yeridim. Allahın birini ağ, birini qara yaratdığı bu bir cüt heyvan “bende karib haller” görüb çox yaxınlaşmadı, ağzıucu üç-dörd kərə hürüb susdu. Mən 2021-ci ilin 21 martında, doğma Ağbulaq kəndində də bir cüt ağ-qara itlə qarşılaşmışdım. O itlər nəinki hürmür, əksinə quyruğunu bulayıb yaltaqlanır, məndən çörək istəyirdi. Sahibi içində olan evlə sahibsiz evin fərqi bax budur. Yiyəsiz olanda Allahın şüursuz heyvanı da qorxaq və məzlum olur.    

İtlərin səsi məni otuz il əvvəlin Laçınına qaytarmışdı. Həzin bir nostalgiyaya köklənmişdim səhər-səhər. Skandinaviya filmlərində gördüyüm abad evlər sərt yamacların yaxasına ağ incilər kimi düzülmüşdü. Dərdin də, sevincin də işıqlısı olurmuş. Qələbə içimizin rəngini tamam dəyişmişdi və bunu Laçında daha aydın hiss edirdim.

Aşağı poçtun dairəsi Laçının mərkəzidir. Kameralarımızı drona bağlayıb qaldırsaq, buranın təkcə Laçının deyil, bütün coğrafiyanın mərkəzi olduğunu görərik. Sağdan Şuşa yolu daxil olur şəhərə,  onun aşağısından Qubadlı yolu. Şuşa tərəfdən gələndə Aşağı poçtdan küçə iki yerə ayrılır – sağa Kəlbəcər, sola Ermənistan. Sola çıxan yol da Minkənd çayı yoxuşa Kəlbəcərə qədər gedir. Təbii, səma qədər geniş Laçın yaylaqlarından keçərək...

O vaxt bu dairədə bir ana heykəli vardı. Ana – qucağında uşaq yerdən oturub, bir əli də yaylığındadır. Söz verirəm, bu abidənin fotosunu internetdən tapıb, yazıma əlavə edəcəyəm... Neçənci dəfədir özümdən asılı olmadan gözüm o heykəlin yerini axtarır. Yoxdur. Kaş bərpa edib qoyalar. Məncə, otuz il əvvəlin Laçınını görənlərə çox müqəddəs duyğular yaşadar. Yoxsa Molla Temiri hardan alım ki, heykəldən bir az aşağı atam yaxınlaşıb görüşsün, ovcuna üç manatlıq bassın, Molla Temir də uşaqlıqda çiçək xəstəliyindən tamam quruyub yoxa çıxmış gözlərini yalandan qırpıb pulu tanısın, mən də – on iki-on üç yaşlı arıq-cüllüt uşaq bu sehrli mənzərəyə baxıb həyəcanlanım... 

Zaman çoxdan axıb gedib, Ömər Xəyyam!

Dairənin üstündəki yaxada balaca bir pavilyon vardı. Rəngini xatırlamıram, amma qoxusu yadımdadır. Əla piti verirdilər. Atam yeməkxanalara gedəndə heç vaxt məndən nə yemək istədiyimi soruşmurdu. Özü sevdiyindən sifariş verirdi. Mən o travma ilə hələ də haradasa yeməyə oturanda ilk sifarişi verə bilmirəm. Gözləyirəm, kimsə qabağa düşsün, mən də böyrüncə istədiyimi deyim. 

Səhər saat 9 deyil, şəhər canlanıb. Aşağı poçtun dairəsində ard-arda düzülən Bakı, Ağcabədi taksiləri və “Mercedes Vito”lar hər şeyi deyir. Mərkəzi küçə boyu mağazalar açılıb. Həyətlərdə iki-bir üç-bir gəzişib hava alan sakinlər gözə dəyir. Oksigen su misalı axır adamın nəfəs borusuna. Maddidir buranın havası. Əlinlə toxuna bilirsən. 

Laçın son abadlıq və köçürmə işlərindən sonra əməlli-başlı şəhərə çevrilib. Küçəni keçəndə maşınları gözləməli olursan. Özü də səhərin bu vədəsi...  

Mən şəhər gəzintisi bir yana, xəyali zaman səyahətimi də bitirib 1 dekabr küçəsi ilə kateclərə dönəndə qrupumuz hələ də yatırdı. Tənbəllər! Qalxın, danışacam sizinlə...

davamı olacaq