8 may – Şuşanın erməni silahlı dəstələri tərəfindən işğal və talan edilməsi.
18 may – Laçının eyni aqibətlə üzləşməsi.
27 – may Azərbaycan Xalq Cümhuriyyətinin süqutu.
Ölən günlərin əvəzinə bu ay tariximizə 28 May – Müstəqillik günü kimi əzəmətli bir günü qazandırıb.
Bu ay həm də Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərb naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov dünyaya gəlib. Azərbaycan gəncliyi, ümumən oxucular, bir çox hallarda jurnalistlər, müəllimlər? hətta tarixçilər Xosrov bəy haqqında az mətləblərdən xəbərdardırlar. Çünki onun həyat və fəaliyyəti yetərincə araşdırılmayıb. Ömrü Rusiya, Azərbaycan, İran, Türkiyə, Polşa, Almaniya və Fransa ölkələrində keçdiyi üçün, görünür, tədqiqat işləri aparmaq elə də asan olmayıb. Lakin Cümhuriyyətin qurucularından biri kimi kitablarda və bəzi televiziya reportajlarında xeyli təqdim edilib.
Kimdir Xosrov bəy?
20-ci əsrin əvvəllərində Qafqazda baş qaldıran milli münaqişə zamanı xalqımızın və ərazilərimizin müdafiəsi işində böyük şücaət göstərmiş Paşa bəyin oğlu, Azərbaycan tarixinin ən məşhur bəylərindən olan xalq qəhrəmanı Sultan bəyin qardaşı...
İlk təhsilini Şuşadakı uçilişdə aldı. Sonra Yelizavetpol oğlanlar gimnaziyasına qəbul olundu. Bu gimnaziyanı bir çox məşhur azərbaycanlı bitirib. Aralarında Xalq Cümhuriyyətinin iki baş naziri də var: Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli. Lakin Xosrov bəy Yelizavetpol oğlanlar gimnaziyasını qırmızı diplomla bitirən yeganə azərbaycanlıdır.
Onun böyük arzusu Sankt-Peterburq Hərbi-Tibb Universitetinə qəbul olunmaq idi. Nədənsə alınmadı. Xarkov Tibb Universitetini seçdi. Həyatının ən maraqlı hadisələrindən biri də elə burada oxuyanda baş verdi: küçə ilə getdiyi zaman bir rus zabitinin gənc bir qıza sataşdığını görür və bir qafqazlı təəssübkeşliyi ilə hadisəyə müdaxilə edir. Təbii, onun bu hərəkəti rus zabitinə xoş gəlmir, aralarında mübahisə düşür və söhbət duellə nəticələnir. Xosrov bəy gözündən güllə yarası alsa da, rəqibini məğlub edir...
Əslində bu kinematoqrafik detal onun həyat və fəaliyyətini xarakterizə edən əsas xüsusiyyətə çevrilir. O, ömrü boyu haqq uğrunda canından-qanından keçməyə hazır idi! Elə bu fədakarlığı üçün də cümhuriyyət qurucuları arasında böyük inam və etibar qazanmışdı. Ən ağır yerlərə, ən çətin işlərə onu göndərirdilər. Xosrov bəy həm çox qoçaq, həm çox cəsarətli, həm də çox intellektual bir insan idi. Gəlin etiraf edək ki, bu keyfiyyətlər nadir hallarda bir insanda cəmləşir.
Əslində onun böyük siyasi karyerası cümhuriyyətdən iki-üç il əvvəl – Birinci Dünya müharibəsi zamanı başladı. Onda Xosrov bəyin 25 yaşı vardı. Bakı Xeyriyyə Cəmiyyətinin müvəkkili kimi Qars istiqamətinə getmiş, orada müharibədən zərər çəkən müsəlmanların vəziyyəti ilə maraqlanmağa başlamışdı. Gedib nə görsə yaxşıdır? Rusiyanın nəzarətinə keçən bu ərazilərdə bir yandan ermənilər-yunanlar amansız qətliamlar törədir, digər yandan rus dövlətinin müharibədən zərər çəkənlərə tətbiq etdiyi güzəştlər müsəlmanlara şamil olunmur. Xosrov bəy rus zabitlərlə ikinci dəfə üz-üzə gəlir. Motiv eyni olsa da, səbəb fərqli idi: bu dəfə o, minlərlə müsəlmanı zülm və zorakılıqdan xilas etməyə atılmışdı. Rus hərbçiləri ilə aralarında sərt dialoq getdi. Zabitlərdən biri bu ərazilərdə yaşayan müsəlmanları xain adlandırdı. Xosrov bəy hə cəsarətini, həm savadını içə salıb onu ağzından vurdu. Bildirir ki, kiminsə xain olduğuna yalnız məhkəmə qərar verə bilər, adamlarla bu cür rəftar eləməyə heç bir hərbçinin ixtiyarı yoxdur. Və istədiyinə nail oldu. İşğal ərazisindəki bütün əhali kimi müsəlmanlarla da insan kimi rəftar etməyə başladılar.
Xosrov bəy həm də bu məsələləri ictimailəşdirir, mətbuatda məqalələr yazırdı. Rəsmi sənədlərə bəzən reaksiya verməyən çar məmurları mətbuata həssas yanaşırdılar.
Bakıda həkim işləməklə yanaşı Zaqafqaziya Seymində xalq nümayəndəsi kimi fəaliyyət göstərir. Bir müddət sonra Qafqaza azadlıq günəşi doğur və Azərbaycan müstəqillik qazanır. Xosrov bəy Sultanov 27 may 1918-ci ildə Milli Şuraya üzv seçilir və bir gün sonra, mayın 28-də İstiqlal bəyannaməsini imzalayanlardan biri olur.
İlk hökumətdə hərbi nazir kimi təmsil olunsa da onun fəaliyyətinin ən əhəmiyyətli dövrü Qarabağa qubernator kimi göndərilməsi ilə bağlıdır.
Azərbaycanın müstəqillik qazanması, eynən indiki kimi, xalqımızın düşmənlərini çox narahat edirdi. Zəngəzurda və Qarabağda iki erməni sərkərdə – Dron və Andranikin silahlı dəstələri at oynadır, olmazın əməllərini törədirdilər. Bircə Andranik 166 kənd dağıtmış, minlərlə müsəlmanı qətlə yetirmişdi. Bütün bu məşəqqətin qarşısını almaq, Azərbaycanın Zəngəzur sərhədlərində suverenliyi təmin etmək (bugünkü Laçın sərhəd məntəqəsi məsələsi – müəl.), eyni zamanda Qarabağda aktiv fəaliyyət göstərən silahlı dəstələri zərərsizləşdirmək üçün Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarını özündə birləşdirən Qarabağ General-Qubernatorluğu yaradıldı və Xosrov bəy Sultanov rəhbər təyin edildi. Bu hadisə erməniləri qorxuya saldı. Çünki onlar Xosrov bəyi yaxşı tanıyırdılar və Qarabağa nə üçün gəldiyini bilirdilər. Bu cəsarətli insan istədiyini edəcək xarakterə malik idi. Silah-sursat məhdud, peşəkar döyüşçü az olsa da, Xosrov bəy ilk gəlişində Qarabağa soxulmağı bacarmış Dronun qoşununu Əsgəran yaxınlığında darmadağın etdi. Əsgəranı da, Xankəndini də, Şuşanı da düşməndən azad edib Şuşada öz vəzifəsinin icrasına başladı. Ardınca Ağdamda başlayıb Şuşada bitən məşhur təntənəli hərbi paradı keçirdi.
Tarix doğrudan da təkrarlanır. Bu hadisədən 100 il sonra (1919, 2020) yenə müzəffər Azərbaycan ordusu qətiyyətli Ali baş komandanın rəhbərliyi ilə erməni silahlı qüvvələrini darmadağın edərək Şuşaya getdi. Şuşanın alınması ilə aktiv hərbi əməliyyatı dayandırıb quruculuğa və yerdə qalan pərakəndə quldur dəstələrini zərərsizləşdirməyə başladı. O vaxt indiki imkanlar yox idi. Zəngəzur yoluna qanuni sərhəd məntəqəsi qoya bilmirdilər. Lakin Laçın bölgəsi etibarlı əllərdə idi. Çünki burda zəngəzurlu igidlərə arxalanan Sultan bəy vardı və düşmənə bir qarış da torpaq vermirdi. Türk sərkərdə Kazım Qarabəkir Paşanın Naxçıvana doğru irəliləməsindən qorxuya düşən Andranik Zəngəzura doğru çəkilib Qarabağa keçmək istəyirdi. O bunun üçün müxtəlif üsullara əl atır, hətta danışıqlara getmək üçün aldadıcı cəhdlər göstərirdi. Lakin nə Xosrov bəyi, nə də onun böyük qardaşı Sultan bəyi aldatmaq olardı. Onlar Andranikin 5 minə yaxın peşəkar silahlı dəstə ilə Qarabağa keçməsinin nə demək olduğunu çox gözəl bilirdilər. Beləliklə, tədbirlərini tökdülər və qəddar işğalçını Laçının Zabux kəndi yaxınlığında qarşıladılar. Tat dərəsi adlanan yerdə məşhur nalşəkilli manevrdən istifadə edib qoşunu mühasirəyə saldılar. 5 min silahlı dəstədən yalnız 1400-ü salamat qurtara bildi. Onlar da İrəvana doğru çəkilərək Üçkilsəyə qədər getdilər. Deyilənə görə, qoşundan qalanları Üçkilsəyə Anrdanik özü aparmış, katalikosa təhvil verərək Qafqazı biryolluq tərk etmişdi. Hətta xalq arasında belə bir lətifə də dolaşır ki, Andranik qorxusundan Üçkilsəyə tövbə etməyə getmişdi.
İki təhlükəli erməni sərkərdəsi tam zərərsizləşəndən sonra Xosrov bəy Zəngəzurda və Qarabağda hakimiyyəti tamamilə öz əlinə ala bildi. Bundan sonra dövlət qanunlarının tətbiqi və haqq-ədalətin təmin olunması üçün canı-dildən çalışmağa başladı. Amma bu, elə də asan başa gəlmədi.
Davamı var