09.05.2025, 12:45
AZ EN
13.04.2022, 09:00 533

Müxalifətə müftə maaş, bahalaşma və incidilən kəndlilər

XƏBƏRLƏR

Müxalifət müftə maaş alır

Aprelin 12-də Ermənistan parlamentində növbəti iclas olub və bir sıra TV-lərdə birbaşa yayımlanıb. İclasda Ermənistan hökumətinin 2021-2026-cı illər üçün tədbirlər proqramı, hərbi xidmət və hərbçilərin statusu haqqında qanunda dəyişiklik, sosial-iqtisadi məsələlər, radio və TV-lərin 2021-ci ildəki fəaliyyəti və s. məsələlər gündəliyə çıxarılıb. İclas başlayar-başlamaz «Hayastan» və «Badiv unem» fraksiyalarının üzvləri «arsaxdakı» vəziyyətin də gündəliyə salınması barədə təklif irəli sürdükdən sonra Paşinyanın ünvanına növbəti tənqidlər yağdıraraq xalqın yenidən kütləvi mitinqlərə çıxmasının milli mənafeyə uyğun olduğunu bildiriblər. Bu isə parlamentin sədri Alen Simonyan tərəfindən qəbul edilməyib. Müxalifətin təkidindən sonra Alen Simonyan əsəbləşərək tribunaya qalxıb və bildirib ki, müxalifətin indiyədək qaldırdığı məsələlər barmaqla sayılası qədərdir və bunlar ya Koçaryanın həbs olunmaması, ya da kütləvi mitinqə, müharibəyə çağırışla bağlı olub. Bu və ya digər qanunun müzakirəsi və qəbulu isə onları maraqlandırmır. «Soruşmaq istəyirəm: əgər belədirsə, nə üçün parlamentdə oturursunuz, müftə maaş alırsınız?» - deyə, A.Simonyan fraksiyalara ciddi xəbərdarlıq edib ki, milli məclisdə hökumət, dövlət məsələləri müzakirə olunur, qanunlar qəbul edilir ki, cəmiyyət razı qalsın. İnsanları mitinqə başqa vasitələrlə də dəvət etmək olar. Bu da müxalifətçilərə təsir etməyib və onlar həmişəki kimi, gündəliyə daxil olmayan məsələlər barədə danışıblar.

Bununla da parlamentdə nə lazımi müzakirə aparılıb, nə də hansısa qərar qəbul edilib.

 

 

Ermənistanda bahalaşma baş alıb gedir

Sabiq deputat, son seçkilərə qədər AŞPA-da Ermənistanı təmsil edən Naira Zöhrabyan son günlər yenidən fəallaşıb. O, hökumətin atdığı iqtisadi-siyasi addımların heç bir müsbət nəticəyə səbəb olmadığını, «arsaxın» sahibsiz qaldığını vurğulayaraq hökumətin köklü islahatlar aparmasını tələb edir. Sabiq deputat özünün facebook səhifəsində etdiyi son paylaşımda göstərir ki, hökumət yanvar aynıda xüsusi iclas keçirərək əhalinin sosial rifahının yaxşılaşmasını təmin edəcəyini bildirsə də, cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisə də bitki yağı 48-50, şəkər tozu 50, un 12-13, göyərti 60-70, siqaret 15-20, süd və süd məhsulları 25 faiz bahalaşmışdır. Bu isə yanvar ayında artırılmış maaş faizi ilə müqayisədə yüksəkdir.

Naira Zöhrabyan Ermənistan-Azərbaycan münasibətlərinə də xüsusi münasibət bildirərək qeyd edib ki, Qarabağda bir neçə yerdə «arsax»ın bayrağı çıxarılmışdır. Həmin bayraqları hökumət üzvlərinin başlarına sancacağını bildirən sabiq deputat hökumətin istefaya getməsini vacib sayır.

 

Erməni kəndlilərini soyurlar

«Past» qəzetinin 12 aprel tarixli «Kütləvi talan. Kəndliyə kömək adı ilə pullar mənimsənilir» sərlövhəli yazıda göstərilir ki, cari ilin əvvəllərində Paşinyanın sədrliyi ilə keçən hökumət iclasında qərara alınmışdı ki, yazda əkin-səpin işləri başlayarkən bütün fərdi təsərrüfat sahiblərinə ucuz, bəzən isə pulsuz toxum və gübrə veriləcək ki, bu da kənd təsərrüfatının inkişafı üçün marağı artıracaqdır. Artıq neçə vaxtdır ki, yaz-tarla işləri başlanılıb. Kəndlilər dəfələrlə icma rəhbərlərinə müraciət edərək onlara toxum, yaxud gübrə verilməsini xahiş ediblər. Amma məsələ həll olunmamış qalır. Müəllif yazır ki, icma rəhbərləri toxumu və gübrəni pullu adamlara satırlar. Onlar kəndliyə kömək adı ilə əsil korrupsiya fəaliyyəti ilə məşğul olurlar. Yuxarı təşkilatlara yazılan şikayət məktubları isə ya cavabsız qalır, ya da məsələnin həllinə müsbət təsir göstərmir.

Öz soydaşlarını müxtəlif bəhanələrlə incidən erməniləri xalqın düşməni adlandıran müəllif sonda onlara müraciətlə deyir: «Bunları da türklər etmir ki!»

Nəsib QARAMANLI

Oxşar xəbərlər