Gündəlik «Joğovurt» qəzeti 8 iyun tarixli sayında dərc olunmuş «On iki nəfərlik heyət nə qədər pul xərcləyib» sərlövhəli təhlili məqalədə göstərir ki, Ermənistan respublikasının prezidenti Vahaqn Xaçatıryan may ayının 23-də İsveçdə Davos Dünya İqtisadi forumunda 12 nəfərdən ibarət nümayəndə heyəti ilə iştirak edib. Həmin səfər zamanı nə qədər vəsait xərcləndiyi ilə maraqlanan redaksiya prezident ofisinə yazılı müraciət edərək buna müvafiq açıqlanma verilməsini xahiş edib. Prezident Administrasiyasından bildiriblər ki, «Respublika prezidentinin səlahiyyətlərini yerinə yetirməsinin təmin edilməsi» proqramına, «Xaricə rəsmi ezamiyyətlər» və digər rəsmi dövlət sənədlərinə uyğun olaraq hər il dövlət büdcəsindən müəyyən vəsait ayrılır. Bu rəsmi cavabla kifayətlənməyən qəzet əlavə edir ki, Ermənistan prezidenti İsveçrədə səfərdə olarkən onun başçılıq etdiyi 12 nəfərlik nümayəndə heyətinə həm də «Vahe Mkırtıçyan Babken» milli təşəbbüs fondu tərəfindən də vəsait ayrılıb. Bu fondun 28 oktyabr 2021-ci ildə yaradıldığını bildirən qəzet Vahe Mkırtıçyan adlı şəxsin kimliyi barədə məlumatsız olduqlarını vurğulayaraq iddia edir ki, sözügedən fond məhz çirkli pulların yuyulması məqsədi ilə yaradılıb. Bu fikir Ermənistanın müxtəlif iqtisadi ekspertləri tərəfindən birmənalı qarşılanmayıb. İlk cümlələrindən barışmaz müxalifətçi olduğu aydın görünən Melikset Arzumanyan adlı erməni yazır ki, N.Paşinyan özündən əvvəlkiləri korrupsioner, rüşvətxor, talançı adlandırsa da özü və komandası həmin işlərlə daha çox məşğul olur.
Nəsib Qaramanlı