Bu barədə “Türkiye” qəzeti bazar günü yazıb və PKK terror təşkilatının İran qolu olan PJAK-ın hərəkətlərinin qonşu Türkiyə və Azərbaycanın təhlükəsizliyinə də təhdid yaratdığını qeyd edib.
Qəzetin məlumatına görə, artıq İraqın Süleymaniyə bölgəsindən İrana 2000-dən çox silahlı şəxs keçib.
“İranın Urmiya şəhərindəki mənbələrinə görə, PKK/PJAK yaraqlıları Maku-Kotur-Salmas-Urmiya xəttini 1990-cı illərdə olduğu kimi “terror dəhlizinə” çeviriblər”, - deyə “Türkiye” nəşri bildirir.
Qəzet qeyd edir ki, PKK əvvəllər terrorçulardan Türkiyəyə qarşı “strateji sövdələşmə çipi” kimi istifadə etməyə çalışan İran kəşfiyyat xidmətlərinin dəstəyindən istifadə edirdi. Nəşr adı çəkilməyən yüksəkvəzifəli İran təhlükəsizlik rəsmisinə istinadla bildirir: “İndi eyni silahlar Tehranın özünə qarşı istifadə olunur. PKK uzun müddətdir ki, Dambat (Maku), Silvana (Urmiya), Kotur (Xoy), Kenereş (Hana-Piranşəhr) və Şehidan (Urmiya) bölgələrində fəaliyyət göstərir və bu, İranın dövlət siyasəti çərçivəsində “dözümlü” idi. Bundan əlavə, SEPAH və İran kəşfiyyat xidmətləri İrandakı PKK/PJAK düşərgələrinə dolayı və ya birbaşa logistika dəstəyi, Urmiyadakı xəstəxanalar isə yaralı terrorçulara tibbi yardım göstərirdi”. (AZƏRTAC)