27.01.2026, 12:25
AZ EN
27.01.2026, 10:15 33

Holokost qurbanlarının Beynəlxalq Anım Günü

XƏBƏRLƏR
  • Holokost qurbanlarının Beynəlxalq Anım Günü (International Holocaust Remembrance Day) hər il yanvarın 27-də qeyd olunur.

Bununla bağlı qətnamə BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul edilib. Təşəbbüskarlar İsrail, Kanada, Avstraliya, Rusiya, Ukrayna və ABŞ olub. Sənədin müəllifləri sırasında 90-dan çox dövlət yer alıb.

Holokost (Holocaust) termini qədim yunan dilindəki holocaustosis sözündən yaranıb və “tam yandırma”, “odla məhv etmə”, “od vasitəsilə qurbanvermə” mənasını bildirir. Müasir elmi ədəbiyyatda və publisistikada bu termin 1933–1945-ci illərdə nasist Almaniyasının, onun müttəfiqlərinin və əlaltılarının yəhudilərin təqibi və kütləvi şəkildə məhv edilməsi siyasətini ifadə edir. Holokostun əsasını nasizmin irqi nəzəriyyəsi ari irqinin digər, “aşağı” hesab edilən irqlər üzərində üstünlüyü ideyası, həmçinin “dünya yəhudiliyi”nin alman xalqının başlıca düşməni kimi təqdim edilməsi təşkil edib.

BMT 2010-cu ildən etibarən Holokost qurbanlarının Beynəlxalq Anım Günü üçün hər il konkret mövzu müəyyənləşdirir. 2026-cı il üçün seçilmiş mövzu “Ləyaqət və insan haqları naminə Holokostun xatırlanması”dır.

2026-cı il Holokost qurbanlarının Beynəlxalq Anım Günü ərəfəsində BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folker Türk təkcə keçmiş faciəni xatırlamağa deyil, həm də bu günün çağırışları və gələcək qarşısında məsuliyyət barədə düşünməyə çağırıb.

Onun sözlərinə görə, 1945-ci ilin hadisələri uzaq tarix kimi görünə bilər, lakin hələ də yaşayan nəsillərin yaddaşında milyonlarla yəhudi və digər azlıqların nümayəndələri nasist rejiminin qurbanına çevrilib. Onların ləyaqəti tapdanıb, təqiblərə məruz qalıb və sonda “qorxunc konveyer səmərəliliyi ilə – sistemli, açıq və cəzasız şəkildə” məhv ediliblər.

Türk vurğulayıb ki, Holokost ölüm düşərgələrindən deyil, ədalətsizlik qarşısında laqeydlik və susqunluqdan, eləcə də insanların tədricən insanlıqdan çıxarılmasından başlayıb. “Bu gün də, həmişə olduğu kimi, bunu xatırlamağa ehtiyacımız var”, – deyə o, qeyd edib.

Almaniyada yəhudilərin təqibi 1933-cü ildə, nasistlərin hakimiyyətə gəlişindən az sonra başlayıb. Lakin onların sistemli kütləvi məhvi İkinci dünya müharibəsi illərində (1939–1945) əvvəlcə gettolaşdırma prosesləri (lokal, qapalı və təcrid olunmuş yaşayış məntəqələrinin yaradılması) və Mərkəzi və Şərqi Avropada kütləvi güllələnmə yolu ilə, daha sonra isə 1941–1945-ci illərdə Auşvitz, Treblinka və Beljets kimi ölüm düşərgələrinə deportasiya vasitəsilə həyata keçirilib.

“Holokost” termini ilk dəfə 1960-cı illərin əvvəllərində gələcək Nobel Sülh Mükafatı laureatı, yazıçı Eli Vize tərəfindən nasist ölüm düşərgələrinin krematoriyalarında bütöv bir xalqın yandırılmasını simvolizə edən metafora kimi işlədilib.

Nasizmin qurbanı olmuş milyonlarla yəhudinin xatirəsinə bir çox ölkədə memorial komplekslər ucaldılıb, muzeylər qurulub. Onların sırasında Qüdsdəki Yad Vaşem Muzeyi, Parisdəki (Fransa) Sənədləşmə Mərkəzi və Memorial, Amsterdamdakı (Niderland) Anna Frankın ev-muzeyi, Vaşinqtondakı (ABŞ) Holokost Memorial Muzeyi, Hirosimada (Yaponiya) 1,5 milyon yəhudi uşağın xatirəsinə həsr olunmuş muzey yer alır.

İkinci dünya müharibəsi hadisələri haqqında tarixi həqiqətin qorunması, faşizm üzərində qələbədə antihitler koalisiyası ölkələrinin həlledici rolunun vurğulanması, həmçinin Holokostun dəhşətləri barədə xatirənin saxlanılması məqsədilə 2005-ci ildən etibarən “Dünya Holokostun Xatirəsi Forumu” (Beynəlxalq “Xalqım üçün həyat!” forumu) adı altında yüksək səviyyəli tədbirlər silsiləsi keçirilir. (AZƏRTAC)

Oxşar xəbərlər