16.03.2026, 13:27
AZ EN
16.03.2026, 09:00 144

Bu gün şəhid Hüseyn Novruzzadənin doğum günüdür

XƏBƏRLƏR
  • Azərbaycanın çətin və şərəfli tarixində Vətən borcunu ləyaqətlə yerinə yetirən torpaqlarımızın müdafiəsi naminə həyatını qurban verən oğullarımızın adı hər zaman fəxrlə xatırlanır. Belə mərd oğullarımızdan biri də Hüseyndir.

Novruzzadə Hüseyn Faiq oğlu 2004-cü il mart ayının 16-da Bakı şəhəri Yasamal rayonunda anadan olub. O, orta təhsilini Bakı şəhəri 189-190 saylı orta məktəbində  alıb. 2022-ci il aprelin 4-də ordu sıralarına qoşulub.

Hüseyn Novruzzadə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib və elə həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseyn Novruzzadə ölümündən sonra  "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Anası Münəvvər Novruzovanın dediyinə görə, Hüseynin idmana hədsiz marağı vardı: "Özünü həmişə boks sahəsində görürdü. Bir neçə dəfə yarışlara qatılıb diplomlar, medallar da qazanmışdı.

Ən sonuncu dəfə 2023-cü il sentyabrın 3-də görüşdük. Bakıya əsgərləri təlimə gətirmişdilər. Biz də oğlumla təlim ərazisində görüşdük. Demişdi ki, Qusardan başqa yerə aparacaqlar onları, lakin qəti bildirmişdi ki, atasına deməyək. Atası ona hədsiz bağlıydı, bu səbəbdən ona Hüseynin Şahdağda olduğunu bildirdik. Zənglə son danışığımız isə sentyabrın 17-si olub. Bizə deyirdi ki, özünüzdən müğayət olun. Hüseyn həmçinin "Qisas” əməliyyatlarında da iştirak etmişdi”,- deyə şəhid anası bildirib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər