16.03.2026, 12:20
AZ EN
16.03.2026, 10:08 213

Şuşadan başlayan bəstəkar ömrü

XƏBƏRLƏR
  • Bu gün bəstəkar, pedaqoq, professor, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Zakir Cavad oğlu Bağırovun doğum günüdür.

Zakir Bağırov 16 mart 1916-cı ildə Şuşa şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Fəhlə fakültəsində alaraq, həmin fakültənin fortepiano sinfini bitirmişdir. Daha sonra təhsilini davam etdirmək üçün 1935-ci ildə Moskva Dövlət Konservatoriyası nəzdindəki Musiqi Texnikumuna göndərilmişdir.

Zakir Bağırov Musiqi Texnikumunu bitirdikdən sonra könüllü olaraq cəbhəyə gedərək İkinci Dünya müharibəsində iştirak etmişdir. Ordudan tərxis olunandan sonra Moskva Dövlət Konservatoriyasının Nəzəriyyə-bəstəkarlıq fakültəsinə daxil olub və 1949-cu ildə konservatoriyanı bitmişdir.

Zakir Bağırov Azərbaycan Dövlət Konservatoriyasıda 45 il müəllim kimi fəaliyyət göstərmiş, 1949-cu ildən ömrünün sonunadək musiqi-nəzəri fənlərindən dərs demişdir. O, 1950-1958-ci illərdə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin bədii rəhbəri vəzifəsini icra etmişdir. 1970-ci ildən 10 il ərzində Musiqi nəzəriyyəsi kafedrasına rəhbərlik etmişdir.  

Z. Bağırovun musiqi folklorumuzun toplanması və nota salınması sahəsində mühüm xidmətləri olmuşdur. O, 1935-ci ildə ilk dəfə olaraq görkəmli bəstəkar Tofiq Quliyevlə birlikdə tarzən Mansur Mansurovun ifasında “Rast”, “Dügah” və “Segah-zabul” muğamlarını nota yazıb və çap etdirmişdir. Həmçinin “Azərbaycan xalq rəqsləri” məcmuəsinin müəlliflərindən biridir.

Bəstəkar 1950-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, eyni zamanda təşkilatın İdarə Heyətinin üzvü olmuşdur. Müxtəlif illərdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Respublikanın Televiziya və Radio Verilişləri Komitəsinin bədii rəhbəri, Azərbaycan Musiqi Fondunun İdarə Heyətinin sədri vəzifələrini icra etmişdir.

Zakir Bağırov bir sıra teatr tamaşalarına və filmlərə musiqi yazıb. “Aygün” bədii, “Bərəkətli torpaq”, “Sədaqət yolu ilə”, “Təbiətin dostları”, “Bizim Azərbaycan” və s. sənədli filmlərin musiqisi ona məxsusdur. Onun yaradıcılığında iki musiqili komediya - “Qaynana”, “Kəndimizin mahnısı”, bir uşaq baleti, fortepiano ilə simfonik orkestr üçün, tar ilə simfonik orkestr üçün, kamança ilə simfonik orkestr üçün konsertlər, xalq çalğı alətləri orkestri üçün süitalar, kamera-instrumental əsərlər, mahnı və romanslar, bədii və sənədli filmlərə, dram tamaşalarına yazılmış musiqi xüsusi yer tutur.

Z. Bağırov 1959-cu ildə “Şərəf Nişanı” ordeninə, 1960-cı ildə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

Görkəmli bəstəkar 8 yanvar 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir.

Sevda SÜLEYMANOVA

Oxşar xəbərlər