Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistana əhatəli sülh təklifi verib. Gecikmə ilə də olsa, Ermənistanın buna müsbət cavab verdiyini görürük. Digər tərəfdən, üçtərəfli Bəyanatda həyata keçirilməli layihələr var. Bu Bəyanat əsasən, Azərbaycan haqlı olaraq Laçın və Zəngəzur dəhlizlərinin eyni statusda olmasını bildirir. Lakin bundan asılı olmayaraq, bu layihələrin həyata keçirilməsi lazımdır. Sərhədlərlə bağlı birgə komissiyanın yaradılması ilə bağlı qərar verildi. Bu da həyata keçirilməlidir. Digər tərəfdən, xarici işlər nazirləri sülh müqaviləsi üzrə müzakirələrin başlaması barədə təlimatlandırılıb. Bu müzakirələrin də sürətləndirilməsi lazımdır. Azərbaycanla Ermənistan arasındakı əhatəli sülh müqaviləsi Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün çox vacibdir. Türkiyə olaraq biz də Ermənistanla əlaqələrimizin normallaşmasını Azərbaycanla əlaqəli şəkildə aparırıq. Azərbaycanla Ermənistan arasında hər müsbət addımın bizim münasibətlərimizə də töhfəsi olacaq.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasından sonra mətbuata açıqlamasında bildirib.
Azərbaycanın torpaqlarını geri qaytardığını və Ermənistanın təxribatlardan artıq əl çəkməli olduğunu bildirən nazir deyib: “İndi müəyyən olunan yol xəritəsinə diqqət yetirmək lazımdır. Ermənistanın və hamımızın buna ehtiyacı var. Əldə olunan razılaşmaların həyata keçirilməsi üçün hər kəs üzərinə düşən öhdəliyə əməl etməlidir”.
Fransa Prezidenti Emmanuel Makronun birtərəfli açıqlamalarına toxunan nazir artıq dünyanın qarşısında əvvəlki deyil, öz torpaqlarını azad edən Azərbaycanın olduğunu bildirərək deyib: “Azərbaycan 30 il səbir etdi və işğal altındakı torpaqlarını geri qaytardı. Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri açıq-aydındır. Bütün beynəlxalq təşkilatlarda Qarabağ Azərbaycan ərazisi kimi tanınır”.
Nazir Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində müəyyən edilən nümayəndələrin görüşlərinin bundan sonra Türkiyə və Ermənistanda keçiriləcəyini bildirib.
Türkiyənin TDT-yə rəhbərliyi dövründə gördüyü işlər barədə məlumat verən nazir dünyanın yaşadığı bu çətin dövrdə qlobal sabitlik və firavanlıq üçün türk dünyasının əhəmiyyətinin daha da artdığını vurğulayıb.