Bu ilin əvvəlində ABŞ-da ehtiyatda olan zabit, hərbi ekspert, tarixçi Con Antal nəşr etdirdiyi “Ölümə yeddi saniyə var” kitabı, demək olar ki, müasir dövrdə müharibələrin dəyişən mahiyyəti və təbiəti haqqında bəhs edir. Bu əsər tam olaraq 44 günlük Vətən müharibəsinə həsr olunub. Müəllif kitabda Şuşa əməliyyatına xüsusi yer ayırır və onu da vurğulayır ki, Şuşaya doğru irəliləməkdə olan Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin qrupları, bunların şəxsi heyət baxımından sayca həcmi maksimum 80-100 nəfərə yaxın olardı. Müəllif kitabda onu da qeyd edir ki, Şuşa əməliyyatı başlandığı zaman Şuşa ətrafında təbii şərait kəskin sürətdə dəyişmişdi və Şuşa demək olar ki, tam şəkildə dağlıq, duman şəraitində idi. Bu da Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz uçan aparatlarının fəaliyyətsizliyi ilə nəticələndi.Təbii ki, Azərbaycan tərəfi üçün bu əməliyyatı bir qədər çətinləşdirsə də, eyni zamanda Xüsusi Təyinatlıların Şuşaya doğru irəliləməsini də asanlaşdırdı. Erməni tərəfinin əks tədbirlərinə gəldikdə isə, Con Antal bunu qeyd edir ki, düşmən tam olaraq relyefə və passiv müdafiəyə arxalanmışdır.
Tarixdən də məlumdur ki, yalnız relyefə və mürəkkəb relyef şəraitində passiv müdafiəyə arxalanan tərəf hər zaman uğursuzluğa düçar olub.
Şuşa əməliyyatının ən həlledici anında ermənilər Laçın-Şuşa-Xankəndi yolunun ətrafındakı dağlıq massivə, mürəkkəb relyefə arxalanırdılar və uduzdular. Əgər belə demək mümkündürsə, həm də haqsız olduqları üçün Tanrı da onları kömək etmədi...
Hazırladı: Tahirə AĞAMİRZƏ