Bu barədə məlumat verən Türkiyənin “HaberGlobal” xəbər kanalı fransalı casusların son nəticədə Asiya ölkəsinin şimalında yaxalanaraq həbs edildiyini qeyd edib.
Telekanal Azərbaycan və İranda fransız agentlər ilə bağlı qalmaqalları xatırladır və qeyd edir ki, Paris digər ölkələrin işlərinə qarışmaq cəhdlərindən əl çəkmir.
“HaberGlobal” qeyd edir: “Myanmada fransız himayədarları birbaşa olaraq həm opponentlər, həm də hakimiyyətin tərəfdarları ilə vuruşurdular. Paris kəşfiyyat xidmətlərinin strategiyasındakı bu cür uyğunsuzluq bir çox muzdluların fransız strukturları ilə müqavilələrinə xitam verməsinə səbəb olub”.
Türkiyə telekanalı Fransa Xarici Təhlükəsizlik Baş Departamentinin (DGSE) məlumatlarına istinadla bildirir ki, 2023-cü ilin oktyabrında Myanmanın şimalında bir qrup fransız saxlanılıb, onlardan ikisi həqiqi hərbi qulluqçu, qalanları isə DGSE agentləri olub. Məlum olub ki, bu şəxslərin hamısı Arakan bölgəsində müsəlmanlara qarşı hücumlarda iştirak ediblər.
“Maraqlıdır ki, Paris rəsmi səviyyədə Myanmanın hərbi idarəçiliyinə qarşı çıxır, müxalifəti, o cümlədən oradakı müsəlman dəstələrini dəstəkləyir”, - deyən xəbər kanalı Parisin standart bəhanəsinin “Myanmadakı Fransa vətəndaşlarına yardım” iddiasına çevrildiyinə işarə edir.
Telekanal vurğulayır: “Myanmada fransız əsgər və agentlərinin saxlanılması ilə bağlı qalmaqal Fransa xüsusi xidmət orqanlarının xaricdəki ilk belə uğursuzluğu deyil. Azərbaycan və İranla yanaşı, Paris casusları bir neçə ölkədə də saxlanılıb, mühakimə olunub, həmçinin Qərbi Afrikanın bir sıra dövlətlərindən qovulublar. Fransızların “persona non-qrata” elan edilməsi fonunda son dörd ildə DSEG-in iki rəhbəri dəyişib”. (AZƏRTAC)