BMT-nin bu agentliyi maliyyə vəsaitinin kəsilməsinin həssas miqrant icmaları üçün ciddi nəticələrə gətirib çıxaracağını, humanitar böhranları dərinləşdirəcəyini və məcburi köçkünlər üçün əsas dəstək sistemlərini sarsıdacağını bəyan edib.
Düzəlişlər dünya miqyasında 6000-dən çox tərəfdaşa təsir edən layihələrin azaldılması və ya dayandırılmasını, baş qərargahda struktur dəyişikliyinin həyata keçirilməsini, işçilərin sayının təxminən 20 faiz (250-dən çox) azaldılmasını nəzərdə tutur.
Bəyanatda deyilir: “Bu tədbirlər BMqT-nin bütün dünyada miqrantlara və həssas icmalara həyati əhəmiyyətli xilasedici humanitar yardım çatdırmağa davam edə bilməsini təmin etmək üçün lazımdır. Biz köçkün əhali üçün həll yollarını irəli sürməyi, cəmiyyətlərin və miqrantların xeyrinə miqrasiyanın idarə edilməsində hökumətlərə dəstək olmağı hədəfləyirik”.
BMqT qlobal humanitar ehtiyaclara çevik reaksiya verməyə imkan verən üzv dövlətlər tərəfindən yaradılmış layihə əsaslı maliyyələşdirmə modeli əsasında fəaliyyət göstərir. Məhdud maliyyə mühitinə baxmayaraq, təşkilatın prioriteti həssas əhaliyə xidmət göstərmək olaraq qalır. Buna nail olmaq üçün BMqT vəzifələrini daha ucuz regional ofislərə və ölkə missiyalarına köçürür, işçi heyətini sadələşdirir və digər humanitar yardımlarla daha yaxşı koordinasiya etmək imkanlarını müəyyənləşdirir. Bu qərarlar üzv dövlətlərə çatdırılıb və BMqT Şurası tərəfindən 2022-ci ildə qəbul edilmiş tarixi büdcə islahatı səyləri əsasında qurulub.
“Bu dəyişikliklər xərclərə qənaət edəcək və bizə qlobal miqyasda daha çox dəstəyi genişləndirməyə imkan verəcək ki, dünya miqyasında böhranlar zamanı mühüm humanitar yardım göstərə bilək”, -deyə bəyanatda bildirilir. (AZƏRTAC)