Montröy şəhərində yerləşən bir məscidin təhlükəsizlik kameraları hadisəni qeydə alıb. Görüntülərə əsasən, gecə saatlarında bir kişi məscidin qarşısına bağlama qoyub, daha sonra geri dönərək, şəkil çəkib və oradan uzaqlaşıb. Bağlamanın içindən donuz başı çıxıb.
Parisin 18-ci və 20-ci rayonlarında, eləcə də Malakoff və Monruj şəhərlərindəki məscidlərin önündə də oxşar hal qeydə alınıb. Malakoff məscidindəki başın üzərində mavi mürəkkəblə "Makron" sözü yazılıb.
Paris Böyük Məscidinin rektoru Şəmsəddin Hafiz hadisəni "antimüsəlman nifrətinin yeni və acı mərhələsi" kimi qiymətləndirib. Monruj məscidinin nümayəndəsi Benjamin Haddad bildirib ki, donuz başının üzərində “Makron” yazılması mesajının nə demək olduğunu başa düşmək çox çətindir.
Rəsmilərin açıqlamalarına görə, bu hadisələrin xaricdən yönləndirilmiş təxribat olması ehtimalı da istisna edilmir. "Bu cür koordinasiyalı hadisələr daha əvvəl də müşahidə olunub və bəzi hallarda xarici müdaxilə olduğu sübuta yetirilib",- deyə Paris polis prefekti Loran Nünez vurğulayıb.
Hadisə ilə bağlı təhqiqat başlanıb. Təhlükəsizlik orqanları şübhəli şəxsi müəyyənləşdirmək üçün kameraların görüntülərindən istifadə edirlər. Paris prokurorluğu isə təhqiqatın "dinə görə nifrət zəminində nifrət və təxribat" maddəsi ilə aparıldığını təsdiqləyib.
2025-ci ilin əvvəlindən indiyədək Fransada müsəlmanlara qarşı hücumlar keçən ilə nisbətən 75 faiz artıb. Bu fakt, ictimai və dini birliklər arasında ciddi narahatlığa səbəb olub.
Bu hadisə Fransa cəmiyyətində artan dinlərarası gərginliyi və ictimai birliyi təhdid edən təxribatları bir daha gündəmə gətirib. Məscidlərin və dini obyektlərin qorunması üçün təcili tədbirlərin həyata keçirilməsi vacibliyi ortaya çıxıb. (AZƏRTAC)