Bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov bildirib.
Rusiyalı ekspert Vardanyanın bu addımının arxasında başqa məqamların dayandığını açıqlayıb: “Ruben Vardanyan dahidir. O, Qarabağa köçdüyünü bəyan edib. Bu sadəcə heyrətamizdir. Vardanyanın ağlına heyran qalmaq olar. O, Rusiyada milyardlar qazanıb və əlbəttə ki, Avropa və ABŞ-a çoxlu pullar çıxarıb. İndi Vardanyan Rusiyaya qarşı sanksiyalara görə, bu pullardan və daşınmaz əmlakdan məhrum ola bilər. Baxın, Vardanyan möhtəşəm qambit edir. O, elə göstərir ki, guya qarabağlılara özünü qurban verir. Qarabağa köçür. Eyni zaman da özü də Rusiya vətəndaşlığından imtina edərək əslində anti-Rusiya sanksiyalarından yayınır. ABŞ və Avropa İttifaqının ona qarşı sanksiyalar tətbiq etməyəcəyini təmin etmək üçün o, Ermənistan və Azərbaycan arasındakı münaqişə ilə bağlı ABŞ və Fransanı fəal şəkildə tərifləməyə başlayır. Bu qədər elastik mənəviyyat prinsipləri! Rusiyadan qaçmaq, hansı ki, Vardanyana hər şeyi verib, qəhrəman addım kimi təqdim olunur”, - deyə Markov vurğulayıb.
O, Vardanyanın yolu ilə bir çoxlarının gedəcəyinə əmin olduğunu bildirib: “Xaricdəki milyardlarını xilas etmək ötrü Rusiya vətəndaşlığından imtina etməklə özlərinə qəhrəman səbəblər uyduracaqlar. Misal üçün, yoxsulluq və xəstəliklərlə mübarizə üçün Banqladeşə köçmək? Aclıq ilə mübarizə aparmaq üçün Afrikaya köçmək? Bizdə bundan sonra kimdi? Kim Rusiyadan bu qədər hiyləgərcəsinə qaçacaq və eyni zamanda, az qala təsadüfən xaricdəki aktivlərini xilas edəcək?”, - deyə rusiyalı politoloq ironik sualla müraciət edib.
Qeyd edək ki, Ruben Vardanyan dünən Telegramdakı hesabında Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocavənd rayonunun ərazisindən videomüraciət yayımlayıb. Həmin videomüraciətdə Vardanyan Rusiya vətəndaşlığını qurban verdiyini, Qarabağa köçdüyünü, oradakı ermənilərin xilası üçün fond yaratdığını açıqlayıb. (APA)