BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo bu barədə Təhlükəsizlik Şurasının iclasında bildirib.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatına görə, müharibə başlayandan bəri Ukraynada 9287 mülki şəxs həlak olub və bunlar yalnız sənədləşmiş hallardır. Reallıqda isə ölənlərin sayı xeyli çoxdur.
Təhlükəsizlik Şurasının iclasında çıxış edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Rusiyanın taxıl sazişində iştirakını dayandırmasını pisləyib. Onun sözlərinə görə, Qara dəniz təşəbbüsü dünya bazarında sabitliyi təmin edir və ərzaq qiymətlərini aşağı salırdı.
Rusiyanın BMT-dəki nümayəndəsi Dmitri Polyanski isə Kiyevi terrorda ittiham edərək Krım körpüsünə bir ildə ikinci dəfə hücum etməkdə günahlandırıb. O, həmçinin Avropa İttifaqına Ukraynadan ucuz və keyfiyyətsiz taxıl almağı və onu quru dəhlizi ilə ixrac edərək yoxsul ölkələrə göndərməyi tövsiyə edib. “Rusiya Qərb ölkələrindən vədlər deyil, konkret nəticələr əldə etdikdən sonra sazişin uzadılması məsələsinə baxacaq”, - deyə Dmitri Polyanski vurğulayıb.
Qeyd edək ki, Ukrayna və Rusiya taxıl və digər ərzaq məhsullarının ən böyük ixracatçılarıdır. Bu ölkələrdən tədarük zəncirinin qırılması dünya bazarında ərzaq qiymətlərinin bahalaşmasına səbəb ola bilər. Qara dəniz taxıl sazişi çərçivəsində il ərzində dünya bazarına 33 milyon ton kənd təsərrüfatı məhsulu çıxarılıb. (AZƏRTAC)