22.11.2024, 01:11
AZ EN
12.05.2022, 13:26 476

Ermənistanda siyasi burulğan davam edir

XƏBƏRLƏR

Ermənistan müxalifətinin 3 həftədən artıqdır ki, davam edən etiraz aksiyalarının vətəndaş itaətsizliyi mərhələsinə keçməsi Paşinyan hakimiyyətini müvafiq tədbirlər görməyə vadar edib.

«Fakt» qəzetinin 12 may tarixli sayında dərc olunmuş «Hakimiyyət qəti tədbirlər görmək istəyirmi?» sərlövhəli məqalədə göstərilir ki, müxalifətin qeyri-qanuni hərəkətlərə yol verməsi artıq hakimiyyət dairələrində ciddi müzakirələrə səbəb olub və onların cəzalandırılması üçün yollar axtarılır. Bəzi iqtidar rəsmiləri təklif edirlər ki, müxalif deputatların qanunvericilik orqanında bu və ya digər faydalı işlə məşğul olmaq əvəzinə camaatı küçələrə və vətəndaş itaətsizliyinə çağırmasının özü qanun pozuntusudur. Ona görə də müvafiq orqanlar vasitəsilə lazımı tədbirlər görülməlidir. İqtidarın digər rəsmiləri isə bu fikirdədir ki, müxalif deputatların mandatdan məhrum edilməsi üçün Konstitusiya məhkəməsinə müraciət olunması daha qanunauyğundur. Həmçinin vurğulanır ki, Konstitusiya məhkəməsinə müraciət etmək üçün isə tutarlı faktlar olmalıdır. Bazar günü Gümrüdə yaşlı insanların müxalifətçi gənclər tərəfindən döyülməsinə görə həbs edilən iki gəncin «Daşnaksütyun» partiyasının fəalları kimi seçicilər arasında təbliğat apararkən onlara pul vermələri və səslərini almaları iqtidar mətbəxində tutarlı fakt kimi dəyərləndirilir. Göstərilir ki, Artur Vanetsyan, Geğam Manukyan, İşxan Sağatelyan, Artur Qazinyan və b. müxalif deputatlar məhz seçicilərə paylanılmış pullar sayəsində mandat qazanıblar.

Müxalifətin isə öz «arqumentləri» var: «Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalanması istəyini ləğv etmək!. Parlamentin vitse-spikeri, “Daşnaksütyun” partiyasının nümayəndəsi, bu yaxınlarda «Dirəniş» adlı radikal hərəkat yaradan İşxan Sağatelyan bildirib ki, gözlənilən qanlı toqquşmaların qarşısının alınması üçün hökumət istefa verməlidir. Bu barədə analitik yazı dərc edən «İravunk» qəzeti onu da bildirib ki, Sağatelyana görə hökumət istefa verdiyi təqdirdə siyasi mənsubiyyətindən asılı olmayan 250 nəfər savadlı, mill ruhlu insanlar Ermənistanın gələcəyinin işıqlı olmasını təmin edəcəklər. O həmin şəxslərin indi etiraz aksiyalarında xüsusi fəallıq göstərdiklərini də bildirib. Müxalifətin qeyri-qanuni aksiyasına sabiq baş nazir Vazgen Manukyan da qoşulub. O, bildirib ki, 44 günlük müharibədən sonra başlayan etiraz aksiyaları zamanı «Vətəni xilas hərəkatı» onun baş nazirliyə namizədliyini irəli sürmüşdü. Həmin vaxt o bununla ciddi maraqlanmamışdı. İndi isə «vətənin taleyi» həll olunduğuna görə siyasi prosesdə daha fəal iştirak etmək əzmindədir. Parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov da son günlər daha da fəallaşaraq İşxan Sağatelyanın dediyi 250 nəfərdən biri olmaq istəyir.

Bəzi deputatların Paşinyan istefaya getmədiyi təqdirdə mandatlarını yerə qoyacaqları barədə fikirləri də erməni KİV-lərdə geniş yer alıb. Spiker Alen Simonyan isə bildirib ki, parlament neçə vaxtdır müxalif deputatlar olmadan da fəaliyyət göstərir və həmişə iclaslarda müvafiq kvorm olub və məsələlər müzakirə edilir.

2020-ci il noyabrın 10-da kütləvi iğtişaşlar zamanı parlament binası zəbt edilərkən o vaxtkı spiker Ararat Mirzoyanın döyülərək xəstəxanalıq olması iqtidar nümayəndələrini yenidən bu işə baxmağa vadar edib. «Joğovurt» qəzeti yazır ki, A.Mirzoyanı onlarla adam təpiklədiyi halda yalnız Jirik Sirekanyan barədə cinayət işi açılmışdı. Bir müddət sonra isə J.Sirekanyan ölkəni tərk etməmək barədə iltizam verdikdən sonra onun həbsi ləğv edilmişdi. J.Sirekanyan bu günlərdə MTX-ya müraciət edərək onun cinayətdə iştirakının sübut olunmadığı nəzərə alınmaqla barəsində verilən qərarın ləğv edilməsini xahiş edib və bildirib ki, işsizlikdən ölkəni tərk edib başqa yerə getmək niyyətindədir.

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 10-da və 11-də Niderland krallığında rəsmi səfərdə olub. O, Niderlandın beynəlxalq münasibətlər institutunda keçirilən tədbirə gələrkən ermənilərin etiraz aksiyası ilə üzləşib və həm onun, həm də komandasını ünvanına şüarlarla yanaşı təhqiramiz ifadələr işlədilib. O, buna adət etdiyini bildirərək proqramda nəzərdə tutulmuş bütün tədbirlərdə iştirak edib. Niderlandın baş naziri Mark Ruben Paşinyanla görüşü zamanı Ermənistanda 2018-ci ildən sonra guya demokratik prosesin baş verdiyini vurğulayaraq deyib: «Niderland coğrafi baxımdan Ermənis­tandan bir neçə min kilometr uzaqda yerləşir. Amma qalan dəyərlər baxımından ölkələrimiz arasında məsafə azdır… 30 ildə səmərəli diplomatik münasibətlər qu­rulub, inqilabdan sonra isə Ermənistan demokratiya yolu ilə irəliləyir». Niderland rəsmisinin bu sözlərini müxalifətə şillə kimi dəyərləndirən «Hraparak» qəzeti yazır ki, bütün bunlara baxmayaraq ölkədə siyasi burulğan davam edir, oraya müxalifətinmi, iqtidarınmı düşəcəyini isə tezliklə görəcəyik.

Nəsib QARAMANLI

Oxşar xəbərlər