Zülfüqar Hacıbəyov Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atasıdır.
Bəstəkarın xalq musiqisi ilə Avropa musiqisini birləşdirən “Aşıq Qərib” operası o vaxt ictimai-mədəni həyatda böyük marağa səbəb olub.
Həmin dövrdə Z.Hacıbəyov bir sıra librettolara musiqi yazıb. O, ilk Azərbaycan operettası “50 yaşında cavan” əsərinin müəllifidir. Operetta səhnəmizdə komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərində Gürcü Zadəganları Teatrında oynanılıb. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilib.
XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.
Zülfüqar Hacıbəyov 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələyib. Bundan başqa, o, bir sıra kantatalar da yaradıb. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazıb. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.
Təəssüf hissi ilə qeyd edək ki, o dövrdə - 1937-ci il repressiyasının acı yelləri Hacıbəylilər nəslindən də yan keçməyib. Bu görkəmli nəslin gözəl yadigarları doğma yurd-yuvalarından pərən-pərən düşüb. Bəziləri mühacirət edərək ömürlərini qürbətdə başa vurublar.
Çox keçmir ki, İkinci Cahan savaşı başlayır. Müharibə acı rüzgarın səmtini dəyişir. Ölkədə vətənpərvərlərə, milli təəssübkeşlərə qarşı bir az yumşalma hiss olunur. Lakin 37-ci ilin ab-havası, yəni qorxusu tam çəkilməmişdi. Buna baxmayaraq, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları qarşılaşdıqları ədalətsizliklərə, ziddiyyətli münasibətlərə mətanətlə sinə gərirlər. Böyük dözümlülük göstərərək milli musiqimizin inkişafında əllərindən gələni əsirgəmirlər. Onların yazdıqları bir çox əsərlər dövrün təqiblərinə, qadağalarına məruz qalır, illərlə arxivlərdə saxlanılır. Ancaq sonda haqq-ədalət öz yerini tutur.
Zülfüqar Hacıbəyov milli musiqimizin inkişafında göstərdiyi xidmətlərə görə, 1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülüb.
Musiqili Teatrın əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Onun arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.
Böyük bəstəkar Zülfüqar Hacıbəyov 1950-ci ildə Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn edilib. Onun adı Azərbaycan musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb.
Hazırladı: Mina RƏŞİD