28.03.2024, 22:16
AZ EN
22.06.2022, 09:35 553

Sözü ilə əməli bir olan şair

XƏBƏRLƏR
  • Bir Eldar Baxış vardı ki, el arasında uşaqdan böyüyə hamı onu tanıyırdı, sevirdi, həm mərdliyini, həm də şairliyini...

Eldar Baxış Şərqi Zəngəzurun Qubadlı rayonunun Diləli Mskanlı kəndində 1947-ci il iyunun 22-də dünya göz açmışdı. Bənzərsiz şair, Söz adamı, nadir istedad, qeyrət qalası idi Eldar Baxış. Cəmi 49 il ömür sürdü, amma şairliyi və insanlığı ilə əbədi yaşayacaq...Zaman keçsə də, illər ötsə də Eldar Baxışın özünə məxsus yeri hər zaman görünəcək...

“Mən doğulduğum yerdə ölmək istəyən adamam. Ömrümdə istəməzdim ki, məni Metenin, Atillanın... yanında dəfn eləsinlər. Mənim dəfn olunmaq istədiyim bircə yer var - Qubadlı, Diləli Müskanlı kəndi. Vəssalam...

Mən ölmək istədiyim yerdə rus soldatı ilə erməni soldatı əyləşib araq içir... Bundan o yana dərd varmı?!

...İndi şumlayır mənim evimi-eşiyimi Mesrop donuzları, erməni çoşqaları, bu saat turp əkirlər gül əkdiyim yerdə.

...Sabah yıxılıb ölsəm, sabah desəm dostlara, məni orda basdırın, necə basdıracaqlar?

Xırdalan Qubadlıya oxşayır. Məni orda dəfn edərsiniz”- deyib Vətən həsrətinə tab gətirməyən şair...

Ölümünü hiss eləsə də, həyatdan əllərini üzmək istəmirmiş. Axı, nə yaşamışdı ki... Qucaq-qucaq bənövşə qoxuyan arzuları vardı. Həsrət yaman üstün gəlmişdi şairə:

Haqq yolunda

Ölmək istəyirdim mən.

Amma yorğan-döşəkdə

Öləcəyəm, işə bax!..

Eldar Baxış doğulduğu torpağın havasının təmizliyini, suyunun saflığını, dağların vüqarını, sıldırım qayalarının qürurunu, dərələrinin genişliyini, çaylarının axar gur səsini gətirmişdi Azərbaycan poeziyasına. İlk şeirləri ilə ədəbiyyatımıza təzə səs, yeni nəfəs, bənzərsiz forma, məzmun çaları gətirmişdi.

Məni öz yolumdan döndərə bilməz,

Beş adam, on adam, yüz adam, canım.

Uçan bulud kimi, axan su kimi,

Əsən külək kimi azadam, canım.

Zori Balayanın “Ocaq” kitabına ilk sərrast şapalağı da elə Eldar Baxış vurmuşdu. 80-ci illərdən dillər əzbəri olan, xalqa ruh, mübarizə ovqat verən bu şeir hər yerdə oxunurdu.

... “Bala” da bizimdi, “Zor” da bizimdi

Baxıram eləcə zoğallayırsan

Keşiş zurna çalır, sən də keşişin

Qara zurnasını sığallayırsan.Çox böyük ictimai-siyasi, mənəvi tutumlu bu şeir xalqın oyanmasında, bizi gözləyən bəlaların qarşısını vaxtında almaq üçün ciddi həyacan siqnalı idi…

Qubadlıdan çıxandan sonra qubadlıların ən ağır itkisi Eldar Baxış olub. O vaxtlar bir-birinə yaxın kəndlərin məktəbi, kolxozu, dükanı bir idi, əkini-biçini bir-birinə qarışmışdı. Eldar Baxış xeyir-şərdən qalmazdı, bir ayağı kənddə olardı. Atasını öz yaşında cavan itirmişdi, sonra oğlu on yaşında vəfat etmişdi.

 “Mən poeziyadan çəkdiyimi heç nədən çəkmirəm, mən şeir yazmıram, and olsun o bir Allaha, səmimi deyirəm bunu, mən öz rahatlığım üçün yazıram, canımı qurtarıram şeirdən, şeir məni qoymur yaşamağa...”

Özü sözündə olan, sözündə apaçıq görünən şair idi Eldar Baxış!

...Bir dərdimiz, bir sərimiz bizimdi,

Yerdə qalan hər şeyimiz özgənin.

...Bu yurdun qızılı, gümüşü də var

Altına sərməyə palazı yoxdur.

...Bu boyda adam içində

dərd deməyə adam yoxdu

axır günlərində yazıbmış bu şeiri..

 

Əzilsək, bir yerdə əzilməliyik

Düzülsək, bir yerdə düzülməliyik

Eldar, biz özümüz düzəlməliyik

Onsuz da bu dünya düzələn deyil.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər