01.05.2024, 03:04
AZ EN
22.06.2023, 13:41 285

Xalq şairi Xəlil Rza Ulutürkün anım günüdür

XƏBƏRLƏR

Mən onsuz da əbədiyəm, cahangirlər gəldi-gedər,

Bir gün edam meydanında başım getsə, verərsən can,

Sən yadların qarşısında heç bir zaman qara geymə,

Ey ağ donlu anam mənim, ağ çələngli Azərbaycan!

Bu gün Azərbaycanın böyük oğlu, azadlıq mücadiləmizin qəhrəmanı Xalq şairi Xəlil Rza Ulutürkün anım günüdür. O, 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində “Kitab” adlı ilk şeri dərc olunub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin, filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlayıb. 1954-cü ildə Yazıçılar İttifaqının üzvü seçilib.

1957-ci ildə “Bahar gəlir” adlı ilk şerlər toplusu nəşr olunan şair həmin il Moskvaya, Maksim Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərilib. 1959-cu ildə vətənə qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edib və filologiya elmləri namizədi dərəcəsinə layiq görülüb.

1984-cü ildə şairin “Ömürdən uzun gecələr” adlı kitabı və müxtəlif xalqların dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” toplusu işıq üzü görüb. Bir il sonra “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.

Azərbaycanda xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rza  bütün varlığı ilə bu hərəkata qoşulub, imperiyanın şovinist siyasətini, Qarabağ torpağına göz dikən erməni daşnaklarını alovlu çıxışları ilə ifşa edib.

1990-cı ilin yanvarında sovet imperiyasının Bakıda törətdiyi qanlı cinayətlər barədə xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrə görə həbs olunub və Moskva şəhərindəki Lefortovo həbsxanasına göndərilib. 8 ay 13 gün zindanda qalan və öz mübarizəsini burada da davam etdirən şair “Lefortovo gündəliyi” ilə Xəlil Rza Ulutürkə çevrilib. Belə ki, zindanlara işıq salan şair burada 200-dən çox şeir və poema qələmə alıb. 

1990-cı il oktyabrın 9-da Moskvadan Bakıya gətirilən Xəlil Rza bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılıb.

1991-ci ildə şair “Türk milləti mükafatı laureatı”, 1992-ci ildə isə Azərbaycan Respublikasının Xalq Şairi fəxri adlarına layiq görülüb. 

Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Ölümündən sonra Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Xəlil Rza Ulutürk Birinci Qarabağ Müharibəsində şəhid olmuş Milli qəhrəman Təbriz Xəlilbəylinin atasıdır. Ata-bala hər iki vətən sevdalısının ruhu şad olsun.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər