15.12.2025, 03:49
AZ EN
14.12.2025, 14:40 109

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb

XƏBƏRLƏR
  • Türkiyənin İstanbul şəhərində keçirilən 42-ci Beynəlxalq Kitab Sərgisində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Ulu Öndərin əziz xatirəsinə həsr olunan kitab sərgisi açılıb.

Azərbaycanın Mədəniyyət Nazirliyi və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən açılan sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 30-a yaxın nəşr Türkiyə ictimaiyyətinə təqdim edilib. Sərgidə həmçinin, Ümummilli Liderin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva barədə kitablar da sərgilənir. Nəşrlər arasında Qarabağ Zəfəri, bu şanlı Qələbəyə gedən yol, Ulu Öndərin ərazi bütövlüyümüzün təmini istiqamətində uzun illər atdığı addımlardan bəhs edən kitablar da var.

Açıqlama verən Azərbaycan Mədəniyyət Mərkəzinin direkroru Samir Abbasov sərginin Ulu Öndərin zəngin dövlərçilik ənənələrini, ölkəmiz, eləcə də Türk dünyasının birlik və həmrəyliyi ilə bağlı müstəsna xidmətlərini Türkiyədə daha yaxından tanıdılması məqsədi daşıdığını bildirib.

O, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi və nəzərdə tutulan layihələri barədə də məlumat verib. Türkiyənin Iğdır şəhərində “Bir millət, iki dövlət” Türkiyə-Azərbaycan Gənclər Teatrının təsis edildiyi və mərkəzin layihəsi əsasında artıq fəaliyyətə başladığını bildirib.

Mərkəzin əsas fəaliyyətinin Azərbaycan milli mədəniyyətinin, ədəbiyyatının, tarixinin qardaş ölkədə təbliği olduğunu bildirən Samir Abbasov deyib: “Artıq bu istiqamətdə bir çox layihə həyata keçirilib və hazırda da davam etdirilir. Azərbaycan ədəbiyyatı ilə bağlı klassik irsimizə aid əsərlər Türkiyə türkcəsinə tərcümə edilərək işıq üzü görməkdədir. Ötən dövr ərzində dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən üç əsər artıq tərcümə edilərək çap olunub. Bu layihə bu gün də davam edir. 2026-cı ildə Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün əsərlərin də eyni şəkildə tərcümə edilərək, yayımlanması nəzərdə tutulur. Erzurum Atatürk Universitetinin professoru Nemət Yıldırım bu əsəsrlərin türk dilinə tərcüməsini həyata keçirir. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən, eyni zamanda, klassik irsimizə dair digər dahi şəxsiyyətlərin də əsərləri tərcümə və çap edilir. Bu əsərlər bu kimi büynəlxalq tədbirlərdə fərqli təqdimatlarla ictimaiyyətə çatdırılır”.

Samir Abbasov Azərbaycan əsərlərinin Türkiyə Dövlət Teatrının səhnəsində qoyulması isriqamətində də fəaliyyətlərin davam etdiyini bildirib: “Bununla bağlı Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Teatrlar Baş İdarəsi ilə birgə fəaliyyətimiz var. Artıq Teatrlar Baş İdarəsinin Ədəbiyyat Şurası tərəfindən Hüseyn Cavidin “İblis”, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” və Elçin Əfəndiyevin “Qatil” əsərlərinin səhnələşsirilməsi ilə bağlı müsbət rəy verilib. Ümumiyyətlə, mədəniyyətin müxtəlif sahələri, eləcə də nəşrlərimizin kitabxanalarda təbliği istiqamətində fəaliyyətlərimiz davam edir”.

O, mərkəz təfərindən nəşrlərimizin Türkiyə kitabxanalarında hər iki dildə yerləşdirilməsi, bu məqsədlə qardaş ölkənin aparıcı kitabxanalara zəngin kitab kolleksiyalarının hədiyyə olunması, müzeylər və rəssamlar arasında əməkdaşlığın daha da artırılması, ortaq filmlərin istehsalı üzrə əlaqələrin yaradılması, eləcə də Azərbaycan dilinin Türkiyədə tədrisi istiqamətində fəaliyyətlərin də eyni şəkildə davam etdiyini deyib. Bildirilib ki, artıq Ankaranın Rəsm və Heykəllər Muzeyi ilə mərkəzin ortaq layihələri var. Bu layihələrin davamı olaraq türk rəssamların iştirakı ilə şanlı Qarabağ Zəfərinə həsr edilən rəsm müsabiqəsinin və sərginin keçirilməsi də nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan dilinin Türkiyədə təbliği ilə bağlı həyata keçirilən layihələr çərçivəsində Ankaranın Qazi Universitetinin nəzdində Azərbaycan dilinin tədrisi ocağı yaradılıb. Bu ocağın tərkibində Azərbaycan dili kursları fəaliyyət göstərir və artıq tədrisin başlanğıc mərhələsi uğurla başa çatdırılıb.

Qeyd edək ki, dekabrın 17-dək davam edəcək sərginin Beynəlxalq bölməsi Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə müxtəlif panel iclaslar, təqdimat və imza mərasimlərinin keçirilməsi nəzərdə tutulur.

Hər il təşkil olunan İstanbul Kitab Sərgisi kitabçılıq sahəsi üzrə dünyanın ən böyük tədbirlərindən biri hesab edilir və sərgini yüzminlərlə insan ziyarət edir. (AZƏRTAC)

Oxşar xəbərlər