Dünənə qədər doğma yurd həsrətini ürək ağrısı ilə qələmə alan yazarlarımız bu gün ancaq zəfərdən, bu qələbəni bizə yaşadan şanlı ordumuzdan, Müzəffər Ali Baş Komandanımızdan, müqəddəs şəhidlərimizdən, igid qazilərimizdən yazır. Bu cür qələmi ilə döyüşən yazarlarımızdan biri də “Ölməzlik haqqı qazanan oğullar” adlı kitabın müəllifi, zəgilanlı şair-dramaturq Salam Cavadlıdır. S.Cavadlı şəhidlərimizin unudulmaz xatirəsinə həsr etdiyi yeni kitabını dörd bölüm ilə oxucuya təqdim edib. Birinci bölüm 44 günlük Vətən müharibəsində və 2016-cı ilin 4 günlük aprel döyüşlərində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Zəngilan şəhidlərinə və Zəngilan uğrunda gedən savaşlarda şəhadətə yüksəlmiş müxtəlif bölgələrdən olan igid döyüşçülərimizə həsr edilib.
İkinci bölümdə döyüşdə yaralanan, eləcə də Vətən müharibəsinə könüllü gedən birinci Qarabağ savaşının zəngilanlı iştirakçılarına yer verilib. “Unutmayaq, bu ağrıları, əzabları yaşadıq...” başlığı ilə təqdim edilən üçüncü bölümdə məcburi köçkünlük illərinin ağrı-acıları öz əksini tapır. “Azadlığın mübarək, doğma, əziz torpağım!” adlanan dördüncü bölümdə isə xalqımızın 44 günlük Vətən savaşında qazandığı parlaq qələbənin, doğma yurd yerlərimizə qayıtmaq səadətinin unudulmaz anlarından bəhs edilir.
Mina RƏŞİD