23.11.2024, 00:49
AZ EN
14.04.2022, 12:15 783

Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən kitab təqdim olunub

XƏBƏRLƏR

Bu gün Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşəbbüsü ilə çap edilmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimi keçirilib.

Mərasimdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, deputatlar Sevinc Fətəliyeva və Ramin Məmmədov, ekspertlər, media və ictimaiyyət nümayəndələri iştirak edib.

BMTM sədri Fərid Şəfiyev bildirib ki, kitabın ideya müəllifi Rövşən Rzayevdir: “Kitab 10 fəsildən ibarətdir. Biz burda çalışmışıq ki, Azərbaycanın zəfərə aparan yolunun bütün aspektlərini təhlil edək. Bu, elmi araşdırmadır və təbliğat kitabı deyil. Kitabda qaçqınların və məcburi köçkünlərin problemləri də öz əksini tapıb. Hazırda da bu problem müəyyən dərəcədə qalır. Bizim əsas hədəfimiz məcburi köçkünləri Qarabağda yerləşdirməkdir. 30 il ərzində bizim qaçqınlar və məcburi köçkünlərlə bağlı böyük problemimiz var idi. Son günlər Ermənistan tərəfindən müsbət mesajlar verilir. Amma bu o demək deyil ki, biz bu problemi unutmalıyıq, yazmamalıyıq. 30 il bu insanların həyatından alınıb. Ermənilər xırda hadisələrlə bağlı kitablar, əsərlər yazırlar. Biz də bu hadisələri unutmamalıyıq. Ermənistan tərəfindən Azərbaycana vurulan bu maddi və mənəvi zərbələrdən biz daim yazmalıyıq və kitablara bunu köçürməliyik”. Sədr Rövşən Rzayev qeyd edib ki, kitabda faktlara söykənilib: “Biz düşündük ki, Azərbaycan oxucusuna zəfərə aparan yolu təqdim edək. Bunun bizim komitənin təşəbbüsü ilə həyata keçirilməsində əsas səbəb ondan ibarətdir ki, bu yolda məcburi köçkünlərə 30 ildə edilən yardımlar haqda, onlara olan yanaşmanı Azərbaycan oxucusu oxuya bilsin. Bu yol, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə başladı. O hakimiyyətə qayıdandan sonra Azərbaycanın məcburi köçkünlərinə diqqət geniş vüsət aldı. Bu gün Müzəffər Ali Baş Komandanın apardığı siyasət nəticəsində də bir çox sosial proqramlar həyata keçdi. Prezident İlham Əliyev 2003-cü ildə seçiləndən sonra demişdi ki, çadır şəhərcikləri ləğv olunacaq. Bundan sonra Azərbaycanda çadır şəhərcikləri ləğv olundu və məcburi köçkünlərlə bağlı vacib addımlar atıldı. 116 məcburi köçkün qəsəbələrində 300 mindən çox məcburi köçkün öz həyatını davam edir”.

Daha sonra Esmira Cəfərova kitabda olan vacib məqamları mərasim iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, kitabda Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, 30 ilə yaxın davam etmiş münaqişəyə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün Prezident İlham Əliyevin apardığı siyasətin müxtəlif aspektlərinə, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərə, 44 günlük Vətən müharibəsinə və onun nəticələrinə həsr olunmuş məqalələr toplanıb.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” kitabının əhəmiyyətindən danışan Sevinc Fətəliyeva çıxışında bildirib ki, 30 ildə olan bütün istiqamətləri bir araya toplayan ilk kitab çap olunub: “Son illər ərzində dünyada müxtəlif beynəlxalq təşkilatlarda miqrasiya, qaçqınlar və məcburi köçkünlərlə bağlı problem müzakirə edilir. Azərbaycan burada uğurlu nümunə ortaya qoyur. Doğrudur, münaqişənin hərbi hissəsi artıq arxada qalıb, ancaq indi əsas prioritet sülh müqaviləsinin imzalanmasıdır”.

Deputat Ramin Məmmədov da kitabla bağlı öz fikirlərini deyib və kitabın ərsəyə gəlməsində iştirak edənlərə təşəkkür edib.

Qeyd edək ki, məqalələr BMTM-in ekspertləri və kənardan cəlb olunmuş mütəxəssislər tərəfindən yazılıb. (APA)

Oxşar xəbərlər