Azərbaycan Milli Kitabxanasında araşdırmaçı-jurnalist Elxan Salahovun Kəlbəcərin işğalı zamanı mühasirədə qalan insanlara həsr etdiyi "Tanrı yoxuşu" kitabının təqdimatı olub.
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, məcburi köçkünlər iştirak ediblər.
Xalqımızın azadlığı, Azərbaycann ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, kitabxananın direktoru Kərim Tahirov kitab haqqında ümumi məlumat verib, müəllifin yaradıcı əməyini yüksək qiymətləndirib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, kəlbəcərli ziyalılar - “Azərnəşr”in direktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov, mühəndis Arif Süleymanov, dosent Aqil Əsədov, ehtiyatda olan polkovnik Balay Nəsibov və başqaları müəllif və kitab haqqında rəy bildirib, Ermənistanın işğalçılıq siyasətinin nəticələri barədə həqiqətlərin yazılmasının və yayılmasının vacibliyini qeyd ediblər. Mühasirədə məşəqqətlər görmüş şahid Rizvan Rzayev başına gələnlər barədə danışıb.
Elxan Salahov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edb, Kəlbəcərin işğaldan azad olunmasının, mühasirədə qalanların həyat mücadiləsi verdiyi yerləridə indi üçrəngli bayrağımızın dalğalanmasının qürur hissi doğurduğunu bildirib.
Xatırladıq ki, Elxan Salahov əfsanəvi kəşfiyyatçı Raqub Orucova həsr olunmuş "Murov qartalı" kitabının həmmüəllifi, Kəlbəcərdə baş vermiş Başlıbel faciəsindən bəhs edən "Qanlı kaha" sənədli-publisistik povestinin müəllifidir.